Anomal istilər Tunisi işıqsız qoyub

Digər ölkələr
  • 18 iyul, 2026
  • 05:14
Anomal istilər Tunisi işıqsız qoyub

Anomal istilər Tunisdə elektrik təchizatında kütləvi fasilələrə səbəb olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, genişmiqyaslı elektrik kəsintisi ölkə paytaxtının bir neçə rayonunu əhatə edib.

Xüsusilə, xarici diplomatik nümayəndəliklərin yerləşdiyi Berges du Lac 2 rayonu işıqsız qalıb. Bir sıra ərazilərdə svetoforlar da işləməyib.

Şahidlərin məlumatına görə, dövlət elektrik-qaz şirkəti STEG-in ofislərindən birinin qarşısına onlarla sakin toplaşaraq elektrik enerjisinin kəsilməsi ilə bağlı etiraz edib. Onların sözlərinə görə, bu fasilələr kiçik biznesə ciddi ziyan vurur.

Qeyd olunur ki, Tunisdə anomal isti hava iyulun 10-dan davam edir. Ötən həftəsonu havanın temperaturu 45–46 dərəcəyə çatıb ki, bu da iqlim normasından 6–10 dərəcə yüksəkdir. Hakimiyyət elektrik enerjisinin növbəli şəkildə kəsilməsi rejimini tətbiq edib.

STEG şirkətinin məlumatına görə, isti hava dalğasının ikinci mərhələsi fonunda elektrik enerjisinə tələbat adi göstəricilərlə müqayisədə 30%-dən çox artıb və bu, kütləvi nəzarətsiz elektrik kəsintilərinə gətirib çıxarıb.