Aİ-nin 2028-2034-cü illər üçün uzunmüddətli büdcəsi ilə bağlı təkliflərin ikinci paketi qəbul edilib
- 03 sentyabr, 2025
- 17:04

Avropa Komissiyası (AK) bu gün 2028–2034-cü illər üçün növbəti uzunmüddətli Avropa İttifaqı (Aİ) büdcəsi çərçivəsini tamamlayan yeddi sektorial təklifdən ibarət ikinci paketi qəbul edib.
"Report" xəbər verir ki, bu barədə AK məlumat yayıb.
Bildirilib ki, büdcənin həcmi cari qiymətlərlə təqribən 2 trilyon avro təşkil edir. Bu isə 2028–2034-cü illərdə Aİ-nin ümumi milli gəlirinin orta hesabla 1,26 faizidir.
Məlumata görə, bu hüquqi aktlar 2028–2034-cü illər üzrə Çoxillik Maliyyə Çərçivəsi təklifini tamamlayır və nüvə təhlükəsizliyi əməkdaşlığı və istismarının dayandırılması aləti, daxili bazar və gömrük, ədliyyə, tədqiqat və təlim, eləcə də İqnalina proqramlarını, həmçinin Qrenlandiya da daxil olmaqla Dənizaşırı Assosiasiya haqqında qərarı əhatə edir.
Qeyd edək ki, növbəti mərhələdə uzunmüddətli Aİ büdcəsi üzv dövlətlər tərəfindən Şurada yekdilliklə müzakirə edildikdən sonra Avropa Parlamentinin (AP) razılığı ilə qəbul ediləcək. Öz resurslar sistemi üzrə qaydalar isə dövri olaraq Şura tərəfindən yekdilliklə qəbul edilən və hər bir üzv dövlətin milli prosedurlarına uyğun təsdiqlənən Qərarla müəyyən olunur. Sektor təklifləri hüquqi bazadan asılı olaraq adi qanunvericilik proseduru və ya xüsusi qəbul prosedurları əsasında təsdiqlənir.