ABŞ Venesuelanın yerüstü kartel obyektlərinə zərbələr endirmək imkanlarını araşdırır
- 16 oktyabr, 2025
- 04:08

ABŞ-nin Silahlı Qüvvələri Venesueladakı narkotik kartelləri ilə əlaqəli quru obyektlərinə zərbə endirmək imkanlarını nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel ilə birgə mətbuat konfransında bildirib.
"Mən hökmən danışmaq istəmirəm, amma mütləq quru obyektlərinə zərbə vurma ehtimalını araşdırırıq, çünki əslində dəniz kimi quruya da nəzarət edirik", - Ağ Evin rəhbəri deyib. Eyni zamanda, o, MKİ-nin Venesuela Prezidenti Nikolas Maduronu öldürməyə cəhd etməsinə icazə verib-vermədiyi sualına cavab verməyib.
"Mən bu suala cavab vermək istəmirəm", - Tramp deyib. "Bu, gülünc sualdır. Bu, əslində gülünc sual deyil. Ancaq cavab versəydim gülünc olardı", - o əlavə edib.
Daha əvvəl "The New York Times" ABŞ rəsmilərinə istinadən xəbər verib ki, Tramp administrasiyası Maduroya qarşı kampaniyanın gücləndirilməsi çərçivəsində MKİ-nin Venesuelada gizli əməliyyatlar aparmasına icazə verib.