ABŞ Konqresinin aşağı palatası 901 milyard dollarlıq hərbi büdcəni təsdiqləyib
- 11 dekabr, 2025
- 04:20
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin 2026-cı maliyyə ili üçün hərbi büdcəsini təsdiqləyib ki, bu da rekord məbləğdə 901 milyard dollar təşkil edir.
"Report"un məlumatına görə, "C-SPAN" telekanalı Amerika qanunverici orqanının aşağı palatasında keçirilən səsverməni yayımlayıb.
Qanun layihəsinin lehinə 312 deputat, əleyhinə isə 112 deputat səs verib. Beləliklə, Konqresin aşağı palatası sənədi təsdiqləyib və o, indi baxılmaq üçün Senata göndəriləcək. Yuxarı palata tərəfindən təsdiq olunarsa, hərbi büdcə layihəsi imzalanması üçün prezident Donald Trampa göndəriləcək.
Qanun layihəsi Kiyevə 400 milyon dollar məbləğində hərbi yardım ayrılmasını nəzərdə tutur. Sənəddə qeyd edilir: "Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsünün genişləndirilməsi və dəyişdirilməsi 2026-cı maliyyə ili üçün – 400 milyon dollar".
Qanun layihəsi Çin, Rusiya, İran və Şimali Koreya arasında diplomatik, informasiya, hərbi və iqtisadi sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və miqyasının təsvir olunmasını da nəzərdə tutur.