ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib
- 16 sentyabr, 2025
- 18:48

ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli dörd fiziki və ondan çox hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
"Report" xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.
"Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın iki maliyyə vasitəçisini və ölkə neftinin satışından əldə edilən gəlirlər də daxil olmaqla, pul köçürmələrinin əlaqələndirilməsində iştirakına görə Honkonq və BƏƏ-də yerləşən ondan çox fiziki və hüquqi şəxsi sanksiya siyahısına daxil edib", - bəyanatda qeyd olunur.
Maliyyə Nazirliyinin məlumatına görə, qanunsuz maliyyə vasitəçiləri tərəfindən idarə olunan bu cür "kölgə bankçılıq" şəbəkələri beynəlxalq maliyyə sistemindən sui-istifadə edir və xarici saxta şirkətlər və kriptovalyuta vasitəsilə pulların yuyulması yolu ilə sanksiyalardan yayınır.
Məhdudiyyətlər İran vətəndaşları Alireza Deraxşan və Araş Estaki Alivand, həmçinin "Alpa Trading – FZCO", "Unique Station Trading", "Minato Investment LLC", "Minato Goods Wholesalers", "Minato Commercial Brokers" və "Alliance First Trading LLC" və digər şirkətlərə tətbiq edilib.