Şöbə müdiri: Azərbaycan Orta Dəhliz vasitəsilə bərpaolunan enerji keçidinə töhfə verərək inteqrasiyanı gücləndirəcək
- 09 sentyabr, 2025
- 14:28

Azərbaycan Orta Dəhliz vasitəsilə bərpaolunan enerji keçidinə töhfə verərək inteqrasiyanı gücləndirəcək.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Şahmar Hacıyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Orta Dəhliz konsepsiyası Mərkəzi Asiya ölkələrinin həm ənənəvi, həm də bərpaolunan enerji potensialını gücləndirəcək:
"Orta Dəhliz konsepsiyası, bərpaolunan enerjinin daşınması üçün mühüm bir potensial mənbəyidir. Bu konsepsiya Şərqi Asiya, Mərkəzi Asiya və Avropa arasında yeni logistika xətləri yaratmaqla, bölgənin iqtisadiyyatını inkişaf etdirməyi hədəfləyir, həmçinin bərpaolunan enerjinin idxalı və ixracı üçün imkanlar yaradır".
Ş.Hacıyev qeyd edib ki, ümumilikdə Orta Dəhliz konsepsiyası bərpaolunan enerji sahəsində logistika və daşınma imkanlarını genişləndirməklə yanaşı, enerji bazarında yeni imkanlar da yaradır.
BMTM rəsmisi həmçinin əlavə edib ki, hazırda Azərbaycanın enerji balansında 22 faiz bərpaolunan enerji var:
"Son bir neçə ayda yaşıl enerji texnologiyası sahəsində irəlləyişlər əldə olunub. Azərbaycanın yaşıl enerjini inkişaf etdirmək üçün böyük potensialı var. Biz göstəricini daha da yüksəltmək niyyətindəyik. Hazırda yaşıl enerjinin texniki potensialı təxminən 157 giqavat dəqiqədir. Hədəf ölkənin enerji balansında 75% bərpaolunan enerjiyə nail olmaqdır, hazırda isə bu göstərici təxminən 22%-dir".