Nazir: Kəlbəcərdə keçirilən Bal Festivalını gələcəkdə beynəlxalq səviyyədə təşkil etməyi planlaşdırırıq
- 24 sentyabr, 2025
- 15:32

Kəlbəcərdə baş tutan Bal Festivalını gələcəkdə beynəlxalq səviyyədə təşkilinə çalışacağıq.
"Report"un Kəlbəcərə ezam olunan əməkdaşının məlumatına görə, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov şəhərdə təşkil olunan Bal Festivalında deyib.
Onun sözlərinə görə, bir ay əvvəl Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı arıçılıqla bağlı xüsusi tapşırıqları olub:
"Kəlbəcər balının dadı haqqında cənab prezidentin xüsusi qeydləri oldu. Onun tapşırığı ilə bu gün Kəlbəcərdə ilk bal festivalını keçirdirik. Məqsədimiz bal festivalında regionun hər yerindən arıçıları bura dəvət etmək, arı məhsullarının tanıdılmasını həyata keçirmək, həmçinin Kəlbəcər balının brendləşməsinə nail olmaqdır. Gələcəkdə bu festivalın beynəlxalq səviyyədə təşkilinə çalışacağıq".
Nazir bildirib ki, bu il burda arıçılıqla bağlı məhsulları, avadanlıqları və müxtəlif texnologiyalarla tanış olmaq şansı əldə edilib:
"Bura gələn ziyarətçilər bal məhsullarını əldə etmək imkanı qazanırlar. Ümumiyyətlə bu sahə dövlət tərəfindən subsidiyalaşdırılır. Bu subsidiyaların hesabına arı ailələrinin sayı 2,5 dəfəyə qədər artıb. Bundan sonra da işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağda arıçılığın inkişafına xüsusi önəm veriləcək. Bu sakinlərin həyat səviyyələrinin artırılmasına kömək edəcək. Eyni zamanda da orqanik məhsulların keyfiyyətinin artırılmasına xidmət edəcək. Bu günkü sərgidə olan müxtəlif avadanlıqla var ki, onlarda dövlət güzəştinə salınacaq. Arıçılarda da bundan yararlana biləcəklər".