Müharibə iştirakçısı: Bu gün keçiriləcək hərbi parad insanda fəxr hissi oyadır

Daxili siyasət
  • 08 noyabr, 2025
  • 12:57
Müharibə iştirakçısı: Bu gün keçiriləcək hərbi parad insanda fəxr hissi oyadır

Bu gün Bakıda keçiriləcək hərbi parad insanda fəxr hissi oyadır.

Bunu "Report"a açıqlamasında tədbiri izləməyə gələn 44 günlük Vətən müharibəsində iştirak etmiş əsgər, 22 yaşlı Şahlar Həsənov bildirib.

O, müharibə başlayanda altı ayın əsgəri olmasına baxmayaraq, heç bir çətinlikdən qorxmadığını söyləyib:

"Baxmayaraq ki, cəmi altı ay idi xidmətdəydim, ancaq müharibənin əvvəlindən sonunadək içimdə heç bir qorxu hissi olmayıb. Əslində məktəb illərindən bizə vətənpərvərlik hissi aşılanıb. Təsəvvür edin, düşmən geri çəkildikcə irəliləyirdik. Onlar qaçdıqca biz üzərlərinə gedirdik".

Ş.Həsənov deyib ki, müharibənin cəmi 44 günə bitməsi onu qürurlandırıb:

"Bu bayramı bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə və veteranlarımıza cansağlığı diləyirəm. Bu döyüşdə təkcə biz əsgərlərin yox, bütün xalqımızın dayağı, dəstəyi ilə zəfəri əldə etdik. Ali Baş Komandanın göstərişi, şəhidlər və qazilərimizin sayəsində qısa müddətdə belə şanlı zəfəri qazandıq".

Müharibə iştirakçısı sonda zəfərin nümayişi olan hərbi paradı həyəcan və maraqla gözlədiklərini də vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti