Komitə sədri: Müasir informasiya mühitində dini-milli ayrı-seçkilik salmağa cəhdlər edilir
- 03 dekabr, 2025
- 11:20
Müasir informasiya mühitində dini və milli kimliklə bağlı ayrı-seçkilik salmaq cəhdlərinə rast gəlinir.
"Report"un Göyçaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov şəhərdə təşkil olunan "Milli-mənəvi kimlik və müasir çağırışlar" mövzusunda regional konfransdakı çıxışında deyib.
O, hazırda milli kimliyin qorunmasının dövlət siyasətinin prioritetlərindən biri olaraq cəmiyyətin sosial, mədəni və mənəvi inkişafının əsasını təşkil etdiyini bildirib:
"Bu istiqamətdə atılan addımlar xalqın birliyini möhkəmləndirir, milli şüurun güclənməsinə xidmət edir və dövlətimizin davamlı inkişafına şərait yaradır. Ancaq müasir dövr milli-mənəvi kimlik məsələsində də əvvəlkindən daha mürəkkəb və çoxşaxəli çağırışlar ortaya çıxarır, cəmiyyətimizi yeni risklərlə üz-üzə qoyur.
Əlbəttə, qloballaşma bir tərəfdən inteqrasiya və inkişaf üçün geniş imkanlar yaratsa da, digər tərəfdən milli dəyərlərin aşınması və yad ideologiyaların sürətlə yayılması kimi ciddi təhdidləri gündəmə gətirir. Sosial şəbəkələrdə yayılan dezinformasiyalar, emosional həssaslıqdan sui-istifadə halları və mədəni dəyərlərə hörmətsizlik cəmiyyətimizin, xüsusilə də gənclərimizin düşüncə və davranışına mənfi təsir göstərir".
R.Məmmədov müasir informasiya mühitində dini və milli kimliklə bağlı ayrı-seçkilik salmaq cəhdlərinə də rast gəlindiyini təəssüflə qeyd edib:
"Bəzi kənar qüvvələr bu mövzulardan manipulyasiya vasitəsi kimi istifadə edərək, cəmiyyətdə fikir ayrılığı yaratmağa, milli həmrəyliyi sarsıtmağa çalışırlar. Şübhəsiz ki, bütün bunlar gənclərin milli-mənəvi dəyərlərdən uzaqlaşması riskini artıran zərərli tendensiyalardır. Ənənəvi dəyərlər ilə bütün çərçivələri aşan müasir həyat tərzi arasındakı ziddiyyətlər isə cəmiyyətin psixoloji və sosial sabitliyinə zərbə vurur.
Buna görə də milli-mənəvi kimliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görmək qaçılmazdır. Sosial şəbəkələrdə yayılan dezinformasiyalara qarşı diqqətli olmalı, qarşılıqlı hörmət və əməkdaşlıq mühitini gücləndirərək, təfriqə yaratmaq niyyətində olanların cəhdlərini iflasa uğratmalıyıq".