Əli Əlizadə: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsinə sadiqdir
- 03 dekabr, 2025
- 11:46
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrlə əməkdaşlığı gücləndirmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ISNA-ya verdiyi müsahibədə bildirib.
"Azərbaycan İƏT-in üzvü olaraq təşkilat çərçivəsində əməkdaşlığın gücləndirilməsinə sadiqdir və üzv ölkələr arasında münasibətlərin inkişafı üçün səy göstərir", - o qeyd edib.
Səfir həmçinin bu il ilk dəfə Azərbaycanın Xankəndi şəhərində keçirilən İƏT sammitinin (3-4 iyul 2025-ci il) tarixi əhəmiyyətini vurğulayıb.
Diplomatın sözlərinə görə, sammit və onunla paralel keçirilən görüşlər, o cümlədən qadınlar və gənclər üçün ixtisaslaşmış görüşlər çox uğurlu olub.
"Dövlət başçıları iqtisadiyyat, ticarət, energetika, mədəniyyət və humanitar məsələlər daxil olmaqla əsas sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı tapşırıqlar veriblər", - Ə.Əlizadə əlavə edib.
O, həmçinin İƏT ölkələri arasında ticarətin artımında müsbət dinamikanı qeyd edib və ticarət-iqtisadi münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
Səfir Bakı və Tehran arasında ikitərəfli münasibətlərin genişləndiyini və inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin planlaşdırıldığını vurğulayıb.
Xatırladaq ki, 3-4 iyul tarixlərində Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib. "Davamlı və İqlimə dayanıqlı Gələcək naminə İƏT-in Yeni Baxışı" mövzusuna həsr edilmiş Zirvə görüşü iqtisadi əməkdaşlıq, davamlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə həsr olunub.