"Kəndimiz Malatyadan gələn Yılanoğulları tayfasının adı ilə bağlıdır" - Qərbi Azərbaycan Xronikası

Daxili siyasət
  • 18 oktyabr, 2025
  • 00:29
Kəndimiz Malatyadan gələn Yılanoğulları tayfasının adı ilə bağlıdır - Qərbi Azərbaycan Xronikası

Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, "Ermənilər İlanlının adını Çaybasar qoymuşdular" adlı veriliş Ağbaba mahalının, Amasiya rayonunun İlanlı kənd sakini Şəmsi Qocayevin həyat hekayəsinə həsr olunub.

O, 1961-ci ildə doğulduğunu qeyd edib, uşaqlıq illərindən, kəndin tarixindən danışıb: "Kəndin əsasını Malatyadan gələn Mürsəl Yüzbaşı Yılanoğulları tayfası qoyub. Mürsəl Yüzbaşı Osmanlı ordusunun yüzbaşısı olub. Dörd qardaş gəlib bu kənddə məskunlaşıb. Sonra qardaşlardan ikisi qayıdıb. Böyük və kiçik qardaşlar kənddə qalıb. Kəndin əsas əhalisi iki qardaşın törəməsidir. Yılanlı tayfasından olduqlarına görə kəndin adı İlanlı kimi səslənib. Əhalinin hamısı Azərbaycan türkləri idi. Sonra ermənilər kəndin adını Çaybasar qoymuşdular".

Onun sözlərinə görə, ata babası Sarıqamış döyüşündə türk ordusunun baş aşbazı işləyib: "O deyirdi ki, Sarıqamışda don vurmuş 3 min əsgəri dəfn etmişik. 1918-ci ildə Xoya, Salmasa qaçqın düşdük. Andranikin başıpozuq dəstələrinə qarşı xeyli vuruşduq. Vəziyyət ağırlaşanda Xoya getdik. Bir müddət Xoyda yaşadıq, sakitlik yaranandan sonra qayıdıb kənddə məskunlaşdıq. O deyirdi ki, gözümün qabağında qadının kürəyində uşağı qılıncla doğradılar. Camaat canını götürüb qaçırdı, kim qalırdı, öldürülürdü. Qonşu Göllü kəndindən gəlin gətirən zaman ermənilər hücum edib bəyi arabanın içində başını kəsdilər. Gəlin isə özünü asdı. Rus çarı dövründə kəndin qlavası olan atamın əmisi erməni vəhşiliklərinə etiraz olaraq rusun orden, medalından imtina edib, istefa verib".

İlanlı kənd sakini qaçqınlıq illərini belə xatırladıb: "1988-ci ilin yanvarında Gümrüyə erməni əsgərlik dostumgilə getmişdim. Atası dedi ki, vəziyyət çox ağırdır, bu daşnaklar qırğın törədəcəklər, ehtiyatlı ol. Sonra məni İrəvan qatarı ilə Bakıya yola saldı. Ondan sonra saqqallılar kəndlərə girib, hücum etdilər. Bəzi kəndlərdə adamları öldürüblər. 1988-ci il dekabrın 7-də Hamamlıda baş verən güclü zəlzələ Ağbaba əhalisinin xilası oldu. Camaat Qızılqoçdan Başkeçidə aşmaqla xilas oldu".

Ş.Qocayev deyib ki, insan yaşlaşdıqca, doğrudan da, doğulduğu yerin həsrətini çəkir: "İnşallah, biz qayıdacağıq. Çünki bizi ora çəkən babalarımızın, nənələrimizin ruhudur".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

"Kəndimiz Malatyadan gələn Yılanoğulları tayfasının adı ilə bağlıdır" - Qərbi Azərbaycan Xronikası

Son xəbərlər

Bütün Xəbər Lenti