FHN nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib

Daxili siyasət
  • 22 oktyabr, 2025
  • 11:51
FHN nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində "Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi" mövzusunda tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, RİNN Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və DİN Baş Dövlət Yol Polisi İdarəsinin, eləcə də daşıyıcı şirkətlərin və nəqliyyat müəssisələrinin nümayəndələri iştirak ediblər.

Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Cəmil Xudiyev nəqliyyat vasitələrində, xüsusilə sərnişin daşımalarında yanğın təhlükəsizliyinin təmin edilməsinin vacibliyindən danışıb:

"İctimai nəqliyyat vasitələrində baş verə biləcək yanğın hadisələri insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır və bu sahədə daşıyıcı şirkətlər tərəfindən profilaktik tədbirlərin gücləndirilməsi xüsusi əhəmiyyətə malikdir".

Tədbirdə sürücülərin və texniki personalın yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilməsi, nəqliyyat vasitələrinin texniki sazlığının təmin edilməsi və onlara vaxtaşırı texniki qulluq göstərilməsi, ilkin yanğınsöndürmə vasitələrinin və avtomobillərə istehsalçı zavodlar tərəfindən quraşdırılan avtomatik yanğınsöndürmə sistemlərinin daim işlək vəziyyətdə saxlanılması, yanacaq sistemlərinin, mühərrik şöbələrinin asan alışan yanacaq-sürtgü materiallarından təmiz saxlanılması, xüsusilə elektrik doldurma qurğularının "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılaraq istismar edilməsi, həmin avadanlıqlara dövri qulluqların və müayinələrin keçirilməsi, daşıyıcıların bu barədə məsuliyyəti və sərnişinlərin təhlükəsizliyinin prioritet məsələ kimi diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Daha sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədr müavini Natiq Dadaşov və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Mübariz Ağayev tərəfindən sözügedən sahədə həyata keçirilən tədbirlər ətraflı məlumat verilib.

Tədbirin sonunda daşıyıcılara yanğın təhlükəsizliyi qaydaları, avtomobil parklarında və qarajlarda yanğın təhlükəsizliyi barədə metodiki tövsiyələr çatdırılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti