Dövlətin elmə, təhsilə yanaşması sistemli, uzaqgörən və milli dövlətçilik maraqlarına tam uyğundur - RƏY

Daxili siyasət
  • 04 noyabr, 2025
  • 19:20
Dövlətin elmə, təhsilə yanaşması sistemli, uzaqgörən və milli dövlətçilik maraqlarına tam uyğundur - RƏY

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, dövlətin elmə, təhsilə və intellektual inkişaf strategiyasına yanaşması sistemli, uzaqgörən və milli dövlətçilik maraqlarına tam uyğundur.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O qeyd edib ki, İlham Əliyevin bu tarixi çıxışı ilə həm Azərbaycan elminin keçdiyi böyük inkişaf yoluna qiymət verdi, həm də gələcəyə yönəlik konkret və strateji prioritetləri müəyyənləşdirdi:

"Azərbaycan elminin bugünkü səviyyəyə çatmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var.

Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə elmi-tədqiqat institutlarının yaradılması, elmin maliyyələşdirilməsi və gənclərin Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilməsi siyasəti ölkəmizin intellektual potensialını köklü şəkildə gücləndirib.

Bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrdə uğurla davam etdirilməsi elmi inkişafın dayanıqlı modelini formalaşdırıb".

Deputat vurğulayıb ki, Azərbaycan elminin müstəqillik illərində əldə etdiyi nailiyyətlər məhz bu strateji xəttin davamının nəticəsidir:

"Bu gün dünyada hər bir ölkənin gücü onun texnoloji potensialı ilə ölçülür. Süni intellektin, rəqəmsal iqtisadiyyatın və müdafiə sənayesinin inkişafı istiqamətində Azərbaycanın əldə etdiyi nəticələr bu gün reallığa çevrilib.

Təbii resurslar bir gün tükənə bilər, lakin elmi potensial, intellektual güc və insan kapitalı Azərbaycanın əbədi və tükənməz sərvətidir. Bu baxımdan, dövlətin elmə, gənclərin təhsilinə, innovasiyaya və texnologiyaya yatırdığı sərmayə əslində Azərbaycanın gələcəyinə, milli təhlükəsizliyinə qoyulan sərmayədir. Elm, süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik sahələrində dövlətimizin atdığı addımlar göstərir ki, Azərbaycan artıq postneft dövrünün reallıqlarına tam hazırdır".

Azərbaycanın son 10 ildə inkişaf və zəfərlərlə dolu bir dövr yaşadığını diqqətə çatdıran Fatma Yıldırım deyib ki, torpaqların azad edilməsi, ərazi bütövlüyünün bərpası və suverenliyin tam təmin olunması müasir Azərbaycan tarixinin ən şanlı səhifəsidir:

"Bu gün artıq Qarabağ və Şərqi Zəngəzurda gedən bərpa və yenidənqurma işləri, həyata keçirilən enerji, sənaye və geoloji layihələr Azərbaycanın gələcək inkişafında mühüm yer tutur.

Prezidentimizin Azərbaycan dili ilə bağlı dərin məzmunlu fikirləri hər birimizi düşündürməlidir.

Bu çağırış hər bir ziyalının, jurnalistin, müəllimin, ictimai xadimin və vətəndaşın məsuliyyətini artırır. Ana dilimizin saflığının qorunması milli kimliyimizin əsas sütunudur və dövlət başçısının bu məsələni prioritet səviyyəsində qaldırması strateji əhəmiyyət daşıyır.

Bu gün ölkəmizin iqtisadi göstəriciləri bir daha təsdiqləyir ki, Azərbaycanın iqtisadiyyatı sağlam təməllər üzərində qurulub. Bu güc bizə həm təhlükəsizliyimizi qorumağa, həm də azad edilmiş torpaqlarda böyükmiqyaslı bərpa və quruculuq işlərini sürətlə aparmağa imkan verir".

Fatma Yıldırım söyləyib ki, Azərbaycanın enerji siyasəti artıq yeni mərhələyə qədəm qoyub:

"Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpaolunan enerji layihələri, su, külək və günəş stansiyalarının yaradılması ölkəmizi "yaşıl enerji" ixracatçısına çevirəcək.

Eyni zamanda, Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı geoloji tədqiqatlar yeni iqtisadi imkanların əsasını qoyur. Bu istiqamətdə Azərbaycan alimlərinin iştirakı dövlətin onlara verdiyi yüksək etimadın təzahürüdür.

Deputat onu da əlavə edib ki, elm, təhsil, texnologiya, milli tarix, dil və dövlətçilik məsələlərini vahid ideoloji xəttdə birləşdirən bu nitq müasir Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin ideya təməlini təşkil edir:

"Azərbaycan alimləri, ziyalıları və gəncləri bu çağırışlardan ruhlanaraq ölkəmizin dayanıqlı, texnoloji və intellektual inkişafı naminə daha əzmlə çalışmalıdırlar. Çünki bu gün biz təkcə müstəqil dövlətin deyil, həm də Zəfər qazanan, elmə və intellektə söykənən qalib millətin nümayəndələriyik".

Son xəbərlər

Bütün Xəbər Lenti