Komitə sədri: Gələn ilin büdcə layihəsində təhlükəsizliyə ayrılan vəsaitin artırılması doğru yanaşmadır

Daxili siyasət
  • 07 noyabr, 2025
  • 12:20
Komitə sədri: Gələn ilin büdcə layihəsində təhlükəsizliyə ayrılan vəsaitin artırılması doğru yanaşmadır

2026-cı ilin büdcə layihəsində müdafiə və təhlükəsizlik sahələrinə ayrılan vəsaitin artırılması doğru yanaşmadır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında deyib.

Onun sözlərinə görə, dövlət büdcəsindən müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitlər ölkənin müdafiə qabiliyyətinin artırılmasına, milli təhlükəsizlik və kəşfiyyat sisteminin gücləndirilməsinə xidmət edəcək:

"Azərbaycan Ordusunun texniki və döyüş hazırlığının, silahlanma, döyüş texnikası, pilotsuz uçuş aparatları, rabitə və kəşfiyyat sistemlərinin yenilənməsi, müdafiə sənayesinin inkişafı, yerli hərbi istehsal potensialının gücləndirilməsi, texnoloji avadanlıqların modernləşdirilməsi, hərbi təlimlərin artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xüsusilə Türkiyə və Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən ortaq hərbi təlimlərin, NATO tərəfdaşlığı proqramlarının həyata keçirilməsi önəmli tədbirlər olmalıdır.

Bununla bərabər, xarici təhdidlərə qarşı mübarizə, informasiya təhlükəsizliyi, antiterror əməliyyatlarının maliyyələşdirilməsi, strateji informasiya sistemlərinin müdafiəsi, dövlət qurumlarının rəqəmsal təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin maliyyəsi hesabına həyata keçirilməlidir.

Eyni zamanda, Daxili İşlər Nazirliyi və Daxili Qoşunlara ayrılan vəsaitlə isə ictimai asayişin qorunması, ekstremizm və qeyri-qanuni fəaliyyətlərə qarşı mübarizənin genişləndirilməsi önəmli tədbirlərdəndir".

Son xəbərlər

Bütün Xəbər Lenti