Səməd Bəşirli: "Azərbaycan D-8 ölkələri ilə səmərəli tərəfdaşlığa malikdir"
- 04 dekabr, 2025
- 13:06
Azərbaycan D-8 ölkələri ilə səmərəli tərəfdaşlıq əlaqələrinə malikdir.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir müavini Səməd Bəşirli Misirin paytaxtı Qahirədə keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 4-cü iclasında bildirib.
O, D-8 təşkilatının üzv dövlətlər arasında ticarət üzrə dayanıqlığın gücləndirilməsi, bazarların şaxələndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından effektiv platforma olduğunu qeyd edib, təşkilat daxilində ticarətin artırılması və daha səmərəli iqtisadi əlaqələrin formalaşdırılması istiqamətində aparılan müzakirələrin önəmini diqqətə çatdırıb, Azərbaycanda mövcud əlverişli biznes mühiti, ölkəmizin strateji nəqliyyat-logistika üstünlükləri, sənaye potensialı və geniş investisiya imkanları barədə məlumat verib.
Tədbirdə üzv ölkələr arasında ticarət inteqrasiyasının dərinləşdirilməsi, sərmayə axınının artırılması, davamlı inkişafın təşviqi və bilik mübadiləsinin genişləndirilməsi üzrə müzakirələr aparılıb. İqtisadi əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi məqsədilə ticarət forumlarının təşkili, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və birbaşa biznes əlaqələrinin qurulmasının əhəmiyyəti xüsusi vurğulanıb. D-8 ölkələri arasında ticarətin dövriyyəsinin artırılması üçün birgə səylərin gücləndirilməsinin zəruri olduğu diqqətə çatdırılıb.
İclasda D-8 üzvü olan dövlətlərin ticarət üzrə məsul nazirləri və nümayəndə heyətləri iştirak edib və Ticarət Əməkdaşlığı haqqında Qahirə Bəyannaməsi qəbul edilib.