Bulvar İdarəsinin sabiq sədri dəniz suyunun duzsuzlaşdırma sistemini yaratmamaqda ittiham edilib
- 20 oktyabr, 2025
- 16:38

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesində vəsatət təqdim edilib.
"Report"un məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlqar Mustafayev dövlət ittihamçısının suallarını cavablandırıb.
O bildirib ki, 2016-2024-cü illərdə Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri olan zaman vəzifəsi idarədə müzakirələrin aparılması, qərarların qəbulu və icra olunması, dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə sərf edilməsinə nəzarət etməkdən ibarət olub:
"Kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər qeyri büdcə sahəsindən gələn gəlir hesabına maliyyələşirdi. Hesablama Palatası yoxlama zamanı bunu irad tutub, deyiblər ki, maliyyələşmə büdcə vəsaiti hesabına olmalıdır".
İ.Mustafayev deyib ki, "Marş Park" dondurma köşklərinin sahibi ilə satışla bağlı xidməti müqavilə olub:
"2016-ci ildən sonra qeyri büdcə sahəsindən hər il gəlir artıb. Mənim fiziki şəxslərin nə qədər gəlir əldə etməsinə nəzarət etmək imkanım olmayıb. Vəzifəm gələn qonaqları qarşılamaq, tədbirlərin təşkil olmasından ibarət olub".
Təqsirləndirilən şəxs qeyd edib ki, pandemiya dövründə bulvar bağlı olub:
"Həmin dövrdə heç bir fəaliyyət olmayıb. Bulvara giriş dəmir hasarlarla bağlı olub. Yalnız işçilər ərazidə olub".
Daha sonra təqsirləndirilən İ.Mustafayevin vəkili İsmayıl Kəngərli məhkəməyə vəsatət təqdim edib. O, vəsatətində bəzi sənədlərin cinayət işi üzrə sübutlar siyahısına əlavə edilməsini xahiş edib.
Vəkil vəsatəti əsaslandırarkən bildirib ki, Hesablama Palatasının yoxlaması ilə təxminən 3 milyon 774 min manatlıq çatışmazlıq aşkarlanıb:
"Bir neçə gündən sonra bu məbləğ 12 milyon 350 min manata yüksəlib. Daha sonra Vergi Xidməti 1 milyon 800 min manat da əlavə edib. İdarənin 2021-ci ildən 2024-cü ilə qədər gəlirləri təxminən 48 milyon manat olub, xərclər də təxminən eynidir. Xərclər hətta gəlirləri bir qədər üstələyirdi. Bu o deməkdir ki, təşkilatın mənimsənilmək üçün heç bir qazancı yox idi".
Vəkil əlavə edib ki, ittihamın birinci hissəsinə əyləncə attraksionları, restoranlar, mövsümi pərakəndə satış və tualetlər daxildir:
"İttihama görə, 8 milyondan çox gəlirdən, demək olar ki, hamısı mənimsənilib. Lakin bütün bu rəqəmlər maliyyə hesabatlarından deyil, bəziləri hətta bu illər ərzində işləməyən şəxslərin ifadələrindən götürülüb. Mühasibat sənədləri, üzləşdirmə aktları və ilkin uçot sənədləri yoxdur. İttihamın beşinci hissəsi isə "Girasol" MMC və istixanaya aiddir. Dekorativ bitkilərin alınması qanuni, tender yolu ilə həyata keçirilib".
Vəkil İ.Kəngərlinin sözlərinə görə, Hesablama Palatasının hesabatında Dənizkənarı Bulvar İdarəsinin suvarma üçün "Azərsu"dan aldığı suyun əvəzinə duzsuzlaşdırılmış dəniz suyundan istifadə edə biləcəyi qeyd olunub:
"Bununla, guya, 800 min manata qənaət edilmiş olardı. Bu, texniki cəhətdən mümkün deyil".
Məhkəmə təqsirləndirilən şəxsin vəkilinin bəzi sənədlərin sübutlar siyahısına daxil edilməsi ilə bağlı vəsatətini təmin edib.
Belə ki, vəkilin təqdim etdiyi sənədlər cinayət işinə əlavə olunub.
Növbəti iclas noyabrın 3-nə təyin edilib.
Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
İbtidai istintaqla İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəməkdə təqsirli biliniblər.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.
İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.
İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub