"Babalarımız üç dəfə İran-Türkiyə ərazilərinə qaçqın düşüb" - Qərbi Azərbaycan Xronikası

Daxili siyasət
  • 25 oktyabr, 2025
  • 00:38
Babalarımız üç dəfə İran-Türkiyə ərazilərinə qaçqın düşüb - Qərbi Azərbaycan Xronikası

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, "Aşağı Necilidə 7-ci əsrdə tikilən məscid var idi" adlı veriliş Zəngibasar mahalının, Zəngibasar (Masis) rayonunun Aşağı Necili kənd sakini Hüseyn-Xəzər Məmmədovun həyat hekayəsinə həsr olunub.

O, 1963-cü ildə doğulduğunu, 18 yaşınadək kənddə yaşadığını söyləyib və deyib ki, uşaqlıq, yeniyetmə dövrü, gözəl adət-ənənələr, mənəvi dəyərlər, toylar, böyük-kiçik yeri, toylar, şənliklər, fəsillər ilə bağlı gözəl xatırlərimiz var.

Onun sözlərinə görə, erməni vəhşilikləri nəticəsində dəfələrlə hücuma, basqına məruz qalıb qırılan kənd camaatı 2-3 dəfə İran-Türkiyə ərazilərinə qaçqın düşüb: "1918-ci ildən sonra qaçqınlıq dövrü başlayıb. Atamgilin 11 nəfərlik ailəsi 1918-ci ildə sıxışdırılıb, təzyiqə məruz qalıb İrana qaçqın düşüb, Xoyda, Mərənddə məskunlaşıblar. Qardaş-bacıları Arazdan keçərkən ölüblər. Qalanlar 1921-ci ildən sonra geri qaydıb yenidən Aşağı Necilidə məskunlaşıb, uçulmuş, dağılmış evləri bərpa edib yaşayıb, məhəllələr salıblar. 1950-ci ilə qədər kənddə bir nəfər də olsun erməni yaşamayıb. Sırf türk-oğuz mənşəli azərbaycanlılar yaşayıb. Aşağı Necilidə 7-ci əsrdə tikilən məscid var idi".

Kənd sakini bildirib ki, 1987-ci ildən başlayaraq ermənilər danışıq və hərəkətlərində bizə qarşı son dərəcə aqressiv davranırdılar: "Açıq deyirdilər ki, biz türklərin axırına çıxmalıyıq. Onlar burada yaşaya bilməzlər. Bizə qarşı olan aqressivlik artıq üzə çıxmağa başladı. Yadımdadır ki, uşaqlarla İrəvana getmişdik. Ermənilər Heydər Əliyev barəsində mənfi danışırdılar. Biz onları orada susdurduq. 1987-ci ildə Heydər Əliyev böyük vəzifədə olanda ermənilər narahatlıq keçirirdilər. Yəni ermənilərin bizə qarşı aqressivliyi açıq hiss olunurdu. Bu məsələlər 1988-ci ilin yaz aylarından açıq müstəviyə keçdi və camaatı oradan çıxardılar, işgəncəyə məruz qoydular. Ailəmiz Naxçıvana, oradanda Bakıya gəldi".

H.X.Məmmədov Vətən həsrətindən söz açaraq vurğulayıb ki, gecə, gündüz xəyalən Aşağı Necili həsrəti ilə yaşayırıq: "Orada ata-baba-nənələrimizin qəbirləri,uşaqlıq xatirələrimiz var. O torpaq bizə canımız qədər əzizdir. Orada doğulub, yoğrulmuşuq, böyümüşük. Aşağı Necili ilə nəfəs alırıq və mütləq ora qayıdacağıq".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 24-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

"Babalarımız üç dəfə İran-Türkiyə ərazilərinə qaçqın düşüb" - Qərbi Azərbaycan Xronikası

Son xəbərlər

Bütün Xəbər Lenti