Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilməsi diplomatiyanın daha bir uğurudur - RƏY

Daxili siyasət
  • 25 noyabr, 2025
  • 10:10
Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilməsi diplomatiyanın daha bir uğurudur - RƏY

Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilməsi, xüsusilə də seçkilərdə topladığı səs sayı ilə rəqabətdə açıq şəkildə üstünlük qazanması, ölkənin beynəlxalq diplomatiya meydanında daha bir uğurudur.

Bunu "Report"a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

O qeyd edib ki, Azərbaycanın 92 səslə Çexiyanı (28 səs), Ermənistanı (21 səs), Polşanı (11 səs) və Sloveniyanı (9 səs) böyük fərqlə geridə qoyması təsadüfi deyil və Azərbaycanın mədəni diplomatiyada formalaşdırdığı etimad mühitinin və çoxşaxəli beynəlxalq əlaqələrinin real göstəricisidir:

"Bu qədər yüksək səs fərqi həm də göstərir ki, Azərbaycan qlobal miqyasda mədəniyyət sahəsində də etibarlı tərəfdaş kimi qəbul olunur. İşğaldan azad edilən ərazilərimizdəki abidələrə xüsusi diqqət və qayğı, ümumilikdə ölkənin mədəni irs sahəsindəki parlaq fəaliyyəti dünya ictimaiyyətinə məlumdur. Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələri - Qobustan, İçərişəhər, Şəki Xan Sarayı, muğam, xalçaçılıq, aşıq sənəti və digər elementlər UNESCO-da artıq tanınmış dəyərlərdir".

Ülviyyə Zülfiqar

Onun fikrincə, səs balansındakı bu üstünlük Azərbaycanın UNESCO platformasında fəal iştirakı, müxtəlif qitələr üzrə qurduğu əməkdaşlıq əlaqələri və beynəlxalq mədəni irs gündəminə verdiyi töhfələrin birbaşa təsdiqidir.

"Azərbaycan diplomatiyasının məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq formalaşan bu geniş dəstək, ölkənin qlobal qərarvermə masalarında önəmli mövqelərə malik olmasını təmin edir", - o deyib.

Ü.Zülfiqar bildirib ki, Azərbaycan uzun illərdir UNESCO çərçivəsində ardıcıl şəkildə irs layihələrini dəstəkləyir, multikultural dəyərləri və mədəni dialoqu təşviq edir:

"Toplanan səslərin miqyası isə bu fəaliyyətlərin dünya miqyasında yüksək qiymətləndirildiyini sübut edir. Azərbaycan yalnız komitəyə üzv seçilməklə deyil, həm də bu seçimdəki üstün səs fərqi ilə növbəti diplomatik uğura imza atdı. Toplanan 92 səs, Azərbaycanın nüfuzunun qlobal miqyasda nə qədər yüksək olduğunu bir daha göstərmiş oldu".

Son xəbərlər

Bütün Xəbər Lenti