Azərbaycan və Aİ-nin miqrasiya sahəsində əməkdaşlığı genişləndirməsi müzakirə olunub
- 21 noyabr, 2025
- 16:05
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri Mariyana Kuyundziçi ilə miqrasiya sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Bu barədə "Report"a DMX-dən məlumat verilib.
Bildirilib ki, Vüsal Hüseynov Azərbaycanın miqrasiya idarəçiliyi sistemi, Yüksəkixtisaslı Miqrant Portalı da daxil olmaqla bu sahədə həyata keçirilən yeniliklər, milli qanunvericiliyin əsas istiqamətləri, eləcə də miqrasiya proseslərinin tənzimlənməsində tətbiq edilən rəqəmsal həllər barədə məlumat verib.
Xidmət rəisi qanuni miqrasiyanın təşviqi, tənzimlənməyən miqrasiyaya qarşı mübarizə istiqamətində Aİ ilə əməkdaşlığın əsas komponentlərindən olan icazəsiz yaşayan şəxslərin readmissiyasına dair sazişlərin icrası istiqamətində görülən işləri diqqətə çatdırıb və bu Sazişlərin tətbiqi üçün hazırlanmış icra protokollarının layihələri ilə bağlı mövcud vəziyyət barədə fikirlərini bölüşüb.
Mariyana Kuyundziç isə Azərbaycan və Avropa İttifaqı arasında miqrasiya sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini, DMX-nin Yüksəkixtisaslı Miqrant Proqramının icrasına başlanılmasının təqdirəlayiq olduğunu, eləcə də Xidmətin prioritet hesab etdiyi sahələrə dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.