Səməd Bəşirli: "Azərbaycanda elmin inkişafına ayrılan dövlət vəsaiti 2 dəfə artıb"
- 13 noyabr, 2025
- 12:05
Azərbaycanda son 10 ildə elmin inkişafına ayrılan dövlət vəsaiti iki dəfə artıb.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
Onun sözlərinə görə, rəqəmsal transformasiyanın mərkəzində insan kapitalının inkişafı dayanır: "Təsadüfi deyil ki, son 10 ildə elmin inkişafına ayrılan dövlət vəsaiti iki dəfə artıb. 2024-cü ildə Azərbaycanda təhsil xərclərinə 4,5 milyard manatdan çox vəsait ayrılıb. 2026-cı ilin büdcəsində isə təhsil xərcləri üçün 5 milyard manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulur".
O qeyd edib ki, Azərbaycanda insan resurslarının inkişafı ilə bağlı qlobal çağırışlara cavab vermək üçün vətəndaşlara yeni bilik və bacarıqlar qazandırmağı hədəfləyən proqramlar həyata keçirilir: "Təhsilin keyfiyyətinin artırılması, bütün təhsil səviyyələrində rəqəmsal biliklərin aşılanması, ömürboyu öyrənmək prinsipinin tətbiqi bu baxımdan xüsusi qeyd edilməlidir. Bununla yanaşı, xaricdə beynəlxalq təcrübə qazanmış on minlərlə gənc ölkənin iqtisadi inkişafına töhfələrini verir.
İqtisadiyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə dəstəyi və ABŞ-ın "Coursera" şirkətinin iştirakı ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən "4Sİ Akademiyası"nı bu kontekstdə misal çəkə bilərik. İndiyədək "Coursera" platformasından 55 mindən çox vətəndaş faydalanıb".