Şahin Bağırov: "Ölkəyə gətirilən malları bəyan etmək və gömrük ödənişlərini ödəmək lazımdır"
- 08 dekabr, 2025
- 12:03
Bəzi Azərbaycan vətəndaşları vəsaitlərini xaricdə xərcləməyə hazırdır, amma məhsulların bəyan edilməsində kənarlaşmaya cəhd göstərirlər.
"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, vətəndaşlar qanun-qayda əsasında məhsulları gətirməli və bəyan etməlidirlər: "Əgər məhsullar bəyan edilərsə, heç bir problem yaşanmayacaq. Azərbaycana hər hansı bir əşyanın - geyim, telefon, mobil cihazlar və yaxud digər əşyaların gətirilməsinə (qanunlarla qadağan olunmuş əşyalardan başqa da) heç bir məhdudiyyət yoxdur. Sadəcə bunun prosedur qaydaları var. Onları bəyan etmək və gömrük ödənişlərini ödəmək lazımdır".
O qeyd edib ki, gömrük rüsumları toplanaraq dövlət büdcəsinə köçürülür: "Bundan sonra bu vəsait dövlət tərəfindən müxtəlif sferalara istiqamətləndirilir və maliyyələşdirilir. Ona görə biz hər birimiz məhz bu məsələni davamlı olaraq qabartmalıyıq. Düzdür, şikayət oluna bilər ki, gömrük dəyəri çoxdur. Çoxdursa, gəlin, bunu müzakirə edək. Bəzi vətəndaşlarımız vəsaitlərini xaricdə xərcləməyə hazırdır, amma büdcəyə istiqamətlənən gömrük ödənişlərinin formalaşması üçün məhsulların bəyan etmək işində kənarlaşmaya cəhd göstərirlər. Düzdür, bu, bəzi hallarda olur. Amma biz gərək media ilə birlikdə bu prosesi işıqlandıraq ki, cavanlarımız, insanlarımız və cəmiyyətimiz daha məlumatlı olsun".