Sabirabadda su filtrləri müəssisəsində istehsal olunan cihaz və ehtiyat hissələri ixrac edilir
- 29 oktyabr, 2025
- 09:50
Sabirabadda su filtrləri müəssisəsində istehsal olunan cihaz və ehtiyat hissələri ixrac edilir.
"Report"un Sabirabada ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) İdarə Heyəti sədrinin müşaviri Tural Abdullazadə məlumat verib.
Onun sözlərinə görə, "Fırtına Su Sistemləri" MMC 2024-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb:
"Layihə dəyəri təxminən 1,2 milyon manat olan müəssisədə Çin texnologiyası əsasında mayenin süzülməsi və təmizlənməsi üçün avadanlıqlar istehsal edilir. Müəssisədə ildə 210 min ədəd filtr, 15 min ədəd su filtri cihazı istehsalı planlaşdırılır. Burada istehsal edilən cihaz və ehtiyat hissələri daxili bazara çıxarılmaqla yanaşı, Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac edilir".
Müşavir bildirib ki, müəssisədə 50 iş yeri yaradılıb:
"Yaxın gələcəkdə iş yerlərinin sayının artırılması nəzərdə tutulur".
T.Abdullazadə xatırladıb ki, Sabirabad Sənaye Məhəlləsi dövlət başçısının 2017-ci ildə imzaladığı Sərəncamla yaradılıb:
"Məhəllənin ümumi ərazisi 20,3 hektardır. Məhəllə sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi üçün zəruri infrastrukturla təmin olunub. İndiyədək burada 8 rezident qeydiyyatdan keçib və fəaliyyətə başlayıb. Ümumilikdə sənaye məhəlləsində 100-dən çox iş yeri yaradılıb. Rezidentlər tərəfindən sənaye məhəlləsinə 10 milyon manatdan çox investisiya qoyulub".