Qətər Azərbaycanın iş adamlarına hərtərəfli dəstək göstərməyə hazırdır
- 25 noyabr, 2025
- 11:38
Qətər Ticarət və Sənaye Palatası qarşılıqlı investisiyaların artırılması və Azərbaycanla iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün hər iki ölkənin iş adamlarına hərtərəfli dəstək göstərməyə hazırdır.
"Report" Qətər mediasına istinadən xəbər verir ki, bunu Palatanın sədr müavini Mohamed bin Tovar əl-Kuvari Dohada keçirilən Azərbaycan-Qətər Birgə Biznes Şurasının birinci iclasında bildirib.
Onun sözlərinə görə, Palata iki ölkənin biznes icmaları arasında kommunikasiyanın asanlaşdırılmasına kömək etmək, həmçinin Azərbaycan və Qətər iqtisadiyyatına fayda gətirən birgə təşəbbüs və layihələri təşviq etmək niyyətindədir.
Əl-Kuvari qeyd edib ki, Biznes Şurasının iclası tərəflərin iqtisadi əlaqələri gücləndirmək və müxtəlif kommersiya və investisiya sektorlarında əməkdaşlıq üçün daha geniş üfüqlər açmaq istəyinin sübutudur.
O vurğulayıb ki, Qətər və Azərbaycan arasında münasibətlər son illərdə nəzərəçarpacaq dərəcədə inkişaf edir, Biznes Şurası isə sadəcə məsləhətləşmə platforması deyil, həm də iki ölkənin biznes icmaları arasında şirkətlərə təcrübə mübadiləsi aparmağa, perspektivli imkanları araşdırmağa, habelə özəl sektor və ümumi iqtisadi inkişaf üçün strateji tərəfdaşlıqlar qurmağa imkan verən səmərəli körpüdür.
Əl-Kuvari əmin olduğunu bildirib ki, Şuranın işi qarşılıqlı investisiya axınlarının asanlaşdırılmasına, ikitərəfli ticarətin gücləndirilməsinə və hər iki ölkədə investorlar üçün daha cəlbedici mühitin formalaşmasına kömək edəcək. O, prioritet istiqamətlər arasında kənd təsərrüfatı, energetika, logistika, turizm, texnologiya, qida sənayesi və digər sektorları qeyd edib.
Sədr müavini Qətər Ticarət və Sənaye Palatasının hər iki ölkənin iş adamlarına hərtərəfli dəstək göstərməyə və birgə layihələri təşviq etməyə hazır olduğunu vurğulayıb.