Özbəkistan Çinlə illik ticarət dövriyyəsini 20 milyard dollara çatdırmağı hədəfləyir

Biznes
  • 02 sentyabr, 2025
  • 13:59
Özbəkistan Çinlə illik ticarət dövriyyəsini 20 milyard dollara çatdırmağı hədəfləyir

Özbəkistan və Çin tədarüklərin artırılması və ticarət balansına nail olunması hesabına illik ticarət dövriyyəsini 20 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün Pekində Çin Dövlət Şurasının Baş naziri Li Tsyanla danışıqlar aparıb.

"Tərəflər çoxşaxəli praktiki əməkdaşlığın, ilk növbədə ticari-iqtisadi, maliyyə-investisiya və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər. Ötən il Özbəkistan və Çin arasında ticarət dövriyyəsi 14 milyard ABŞ dolları təşkil edib və bu göstəricinin 20 milyard ABŞ dollarına çatdırılması potensialı mövcuddur. Bununla əlaqədar Özbəkistanda Kvant Metrologiyası Mərkəzi və Sənaye Standartlaşdırma Mərkəzinin yaradılması təklif olunub", - məlumatda qeyd olunub.

Birgə investisiya portfeli 60 milyard ABŞ dollarını ötür.

Səfər çərçivəsində "yaşıl enerji", kimya, geologiya, nadir torpaq metallarının dərin emalı, nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması, kənd təsərrüfatı və aqrovoltaika sahələrində bir sıra yeni layihələr razılaşdırılıb.

Bundan başqa, Özbəkistan-Çin Süni İntellektin İnkişafı Mərkəzinin yaradılması təşəbbüsü irəli sürülüb.

Çinin aparıcı bank və maliyyə institutları ilə əməkdaşlığa, həmçinin Özbəkistan-Qırğızıstan-Çin dəmir yolunun tikintisi layihəsinə xüsusi diqqət yetirilib.

Ş.Mirziyoyev Li Tsyanı Özbəkistana rəsmi səfərə dəvət edib.