"Axios": İsrail Qəzzaya humanitar yardım çatdırılmasını oktyabrın 20-də bərpa edəcək

Digər ölkələr
  • 19 oktyabr, 2025
  • 23:38
Axios: İsrail Qəzzaya humanitar yardım çatdırılmasını oktyabrın 20-də bərpa edəcək

İsrail hökuməti Vaşinqton administrasiyasına Qəzza zolağına humanitar yardımın gətirilməsinin oktyabrın 20-də səhər saatlarında bərpa ediləcəyini bildirib.

"Report"un məlumatına görə, bunu "Axios" portalının jurnalisti Barak Ravid "X" sosial şəbkəsində yazıb.

Jurnalistin ABŞ rəsmilərindən olan mənbəsi qeyd edib: "İsrail bizə bazar ertəsi səhər Qəzzaya girişi yenidən açacağını bildirib".

Daha əvvəl "Ynet" portalı İsrail hökumətinin Qəzza zolağına humanitar yardımın gətirilməsini dayandırmaq qərarına gəldiyini bildirib. İsrail bunu anklavda atəşkəs rejiminin pozulması ilə əsaslandırırdı və məsuliyyəti HƏMAS-ın üzərinə atırdı.

İsrail ordusu fələstinli radikalların atəşkəs rejimini pozduğunu bildirərək anklavın cənubunda yerləşən Rəfah şəhəri yaxınlığında İsrail hərbçilərinin atəşə tutulduğu hadisə barədə məlumat yayıb. İsrail Baş naziri Binyamin Netanyahu atəşkəs rejiminin pozulmasında HƏMAS hərəkatını günahlandıraraq silahlı qüvvələrə radikallara qarşı tədbirlər görmək göstərişini verib. Bundan sonra ordu bütün anklav boyunca onlarla hədəfə zərbələr endirib. Daha sonra hərbçilər Rəfahdakı hadisə nəticəsində iki hərbçinin həlak olduğunu, daha birinin ağır yaralandığını dəqiqləşdiriblər. HƏMAS nümayəndələri isə hərəkatın Rəfahda baş verən hadisə ilə əlaqəsini inkar ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti