Sibiqa Fidanı Ukrayna və ABŞ liderləri arasındakı görüşün nəticələri barədə məlumatlandırıb
- 19 oktyabr, 2025
- 21:56

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa türkiyəli həmkarı Hakan Fidana Ukrayna və ABŞ liderləri Volodimir Zelenski ilə Donald Tramp arasında Vaşinqtonda keçirilən görüşün nəticələri barədə məlumat verib.
"Report"un məlumatına görə, bu barədə Ukrayna xarici siyasət idarəsinin rəhbəri "X" sosial şəbəkəsində yazıb.
"Mən türkiyəli həmkarımı prezident Zelenski və prezident Trampın görüşünün nəticələri, eləcə də cəbhə xəttindəki cari vəziyyət barədə məlumatlandırdım. Biz son geosiyasi hadisələri, sülhə yeni impuls, ona nail olmaq üçün birgə səylərimizi və onu ədalətli və davamlı etmək yollarını müzakirə etdik", - o qeyd edib.
Sibiqa Türkiyəni Qəzzada sülh əldə olunması istiqamətində irəliləyişlə bağlı təbrik edərək Fidanla Yaxın Şərqdəki sülhün Ukrayna və Avropada sülhün qurulmasına necə kömək edə biləcəyi barədə fikir mübadiləsi aparıb.
İki ölkənin XİN rəhbərlərinin müzakirəsi Avropa İttifaqı Şurasının arici işlər nazirlərinin iclası ərəfəsində Lüksemburqda keçirilib.
"Görüşün əsas mövzuları Avropa təhlükəsizliyi, Qara dəniz regionundakı hadisələr və Ukrayna ilə Türkiyə arasında təhlükəsizlik, müdafiə sənayesi, ticarət və humanitar əməkdaşlıq sahələrində strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi yolları olub. Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyə görə Türkiyəyə minnətdaram", - deyə Andriy Sibiqa bildirib.