Orxan Məmmədov: "KOB-ların rəqəmsallaşmada çətinlikləri müşahidə olunur"
- 24 oktyabr, 2025
- 12:12
Azərbaycanda kiçik və orta biznesin rəqəmsallaşmada çətinlikləri müşahidə olunur.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "SOCGOV 2025: Süni zəka – insan və transformasiya üçün" adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, kiçik və orta biznes subyektləri rəqəmsal transformasiya prosesində dövlət dəstəyinə böyük ehtiyac duyur: "Kiçik və orta biznes subyektlərinin gündəmində rəqəmsallaşma və süni intellektin tətbiqi önəmli yer tutur. Lakin nəzərə almalıyıq ki, ölkəmizdə qeydiyyatda olan şirkətlərin 99 faizdən çoxu məhz kiçik biznes subyektləridir və onların çoxu məhdud maliyyə imkanlarına malikdir. Bu səbəbdən, böyük şirkətlərlə müqayisədə rəqəmsallaşma və süni intellektin tətbiqində müəyyən gerilik müşahidə olunur. Xüsusilə regionlarda fəaliyyət göstərən sahibkarlar bu prosesdə daha çox çətinliklərlə üzləşirlər".
O. Məmmədov vurğulayıb ki, dövlət qurumları ilə sıx əməkdaşlıq çərçivəsində əsas məqsəd kiçik və orta biznesin rəqəmsal transformasiya prosesində dövlət dəstəyini real şəkildə hiss etməsi və bu mərhələni ciddi çətinliklər olmadan keçməsidir.