"JetBrains" rəsmisi: "Bakı ICPC iştirakçılarını dünyanın ən yaxşı memarlıq nümunələrindən biri ilə heyrətləndirir"

Biznes
  • 04 sentyabr, 2025
  • 16:44
JetBrains rəsmisi: Bakı ICPC iştirakçılarını dünyanın ən yaxşı memarlıq nümunələrindən biri ilə heyrətləndirir

Bakıda keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Olimpiadasının (ICPC) dünya finalı yüzdən çox ölkədən olan tələbələr üçün təkcə intellektual yarış meydanı deyil, həm də Azərbaycan paytaxtının mədəni və memarlıq sərvətinin nümayişi olub.

"Report"un məlumatına görə, bunu Bakıda keçirilən ICPC-nin dünya finalına həsr olunmuş mətbuat konfransında "JetBrains"in insan resursları, tədqiqatlar və investisiyalar üzrə baş vitse-prezidenti Andrey İvanov bildirib.

"Biz bu yarışı bir çox ölkələrdə görmüşük, çünki ICPC-ni çox uzun müddətdir ki, dəstəkləyirik. Burada iştirak etmək əsl tramplindir: əgər bu fürsətdən istifadə edə bilsəniz, o, böyük dəyişikliklərin başlanğıcı ola bilər. Bəli, bu, Azərbaycanda hamının səy göstərməsini tələb edəcək, lakin artıq bu gün çox yaxşı ilk addım atılıb", - deyə A.İvanov qeyd edib.

O, həmçinin Bakının beynəlxalq səviyyədə tanınmasının əhəmiyyətini vurğulayıb: "Təsəvvür edin, bir çox iştirakçılar - hazırda burada yarışan yüzdən çox ölkənin təmsilçiləri bəlkə də əvvəllər heç vaxt Azərbaycan haqqında eşitməyiblər və burada olmayıblar. İndi onlar bu ölkə, bu şəhər, onun tarixi və gözəlliyi haqqında bilirlər. Onlar geri qayıda, bu yeri sevə və burada biznes qurmaq istəyə bilərlər. Dünyada gördüyüm ən yaxşı memarlıq nümunələrindən biri olan bu gözəl şəhəri daha çox insan tanıyacaq. Məhz buna görə bu hadisə Azərbaycan üçün bu qədər vacibdir", - o əlavə edib.