ITMF rəhbəri: "Azərbaycanın coğrafi mövqeyi tekstil sənayesi üçün böyük üstünlükdür"
- 08 oktyabr, 2025
- 10:50

Azərbaycanın əlverişli coğrafi mövqeyi sayəsində tekstil sənayesi yeni, daha geniş səviyyəyə çıxara biləcək bütün imkanlara malikdir.
Bu barədə "Report"a açıqlamasında Beynəlxalq Tekstil İstehsalçıları Federasiyasının (ITMF) baş direktoru Kristian Şindler bildirib.
Onun sözlərinə görə, coğrafiya tekstilin dünya bazarında irəliləməsində mühüm rol oynayır.
"Lakin uğurun əsas göstəricisi istehsal həcmi deyil, məhsulun keyfiyyəti və dəyəridir. Qeyd etmək lazımdır ki, Azərbaycanı həcm baxımından böyük tekstil istehsalçısı hesab etmək olmaz. Lakin həcm də əhəmiyyət kəsb edən meyar deyil. Əsas odur ki, siz keyfiyyətli məhsul istehsal edir, əlavə dəyər yaradır və gəlirlə işləyirsiniz. Böyük həcmləri zərərlə istehsal etməyin mənası yoxdur", - K.Şindler vurğulayıb.
ITMF-in rəhbəri qeyd edib ki, Azərbaycan məhsullarının beynəlxalq bazarlara çıxması üçün ekoloji, sosial və digər standartlara uyğunluğu əhatə edən kompleks yanaşma tələb olunur.
"Biz beynəlxalq platforma kimi Azərbaycanın tekstil sənayesinə qlobal standartlarla tanış olmağa, digər ölkələrin qabaqcıl təcrübəsini mənimsəməyə, dünya tendensiyalarını başa düşməyə və onlara hazırlaşmağa kömək edə bilərik. Təcrid olunmuş şəkildə fəaliyyət göstərmək əvəzinə qlobal mənzərənin bir hissəsi olmaq çox vacibdir", - o bildirib.
K.Şindler, həmçinin Azərbaycan şirkətlərinin beynəlxalq sərgilərdə iştirakının və xarici brendlərlə uzunmüddətli tərəfdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini də qeyd edib.
"Pərakəndə şəbəkələr və ya brendlərin etibarlı tərəfdaşı olmaq üçün uzun müddət ərzində görünən olmaq lazımdır. Bu, etibar, açıqlıq və peşəkarlıq tələb edir. Belə münasibətlər bir gündə qurulmur", - o əlavə edib.