İtalyanlar Azərbaycanda plastik qab istehsalına pul qoyacaqlar
- 21 sentyabr, 2021
- 09:01

“Türkiyə, İtaliya və digər Avropa ölkələrinin şirkətləri Azərbaycanda qablaşdırma bazarına böyük maraq göstərirlər, yaxın gələcəkdə həm bu sahəyə, həm də kənd təsərrüfatı sahəsinə investisiya qoymağı planlaşdırırlar”.
Bunu “Report”a açıqlamasında "Azərbaycan Qablaşdırma Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Kamran Hacızadə bildirib.
"Artıq bir neçə ildir ki, Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarının qablaşdırılması üçün plastik qablar istehsalı üzrə İtaliya investisiyalı zavodun açılması və bununla da yerli bazara yeni texnologiyaların cəlb edilməsi ilə bağlı danışıqlar aparılır. Rusiyaya göndərilən aqrar məhsullar üçün qutular istehsal ediləcək, bunun üçün lazımi avadanlıqlar quraşdırılacaq. Ümumiyyətlə isə çox sayda yerli şirkət çevik qablaşdırma üçün müasir Avropa avadanlıqları alıb", - deyə o, qeyd edib.
Sədr həmçinin əlavə edib ki, bu il Assosiasiya üçün çox məhsuldardır: "Assosiasiyaya qablaşdırma sənayesinin hər sahəsini əhatə edən 60-dan artıq müəssisə daxildir. Qablaşdırma sənayesi, ərzaqdan tikintiyə, kimyəvi sahəərdən tutmuş xidmət sektoruna qədər bütün sahələrin lokomotividir. Pandemiya ilə yanaşı bütün ölkələrdə iqtisadi göstəricilərin nəzərəçarpacaq dərəcədə pisləşməsinə baxmayaraq, Azərbaycanda qablaşdırma sənayesinin inkişafında bir sıçrayış var. Qərb investorlarının Azərbaycan iqtisadiyyatına olan marağı Azərbaycanın qablaşdırma sənayesinə də öz təsirini göstərib".