İşğaldan azad edilmiş ərazilərdə 1500-ə yaxın layihə üzrə satınalma olub
- 14 oktyabr, 2025
- 10:31

Son 5 ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1500-ə yaxın layihə üzrə satınalma həyata keçirilib.
"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov paytaxtda keçirilən 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisində ("Baku Build-2025") və 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh – 2025") bildirib.
Onun sözlərinə görə, təkcə bu ilin avqust ayında 260-dan çox satınalma olub ki, bu da 9 şəhəri, 90-a yaxın kənd və qəsəbəni əhatə edib.
"Həyata keçirilən layihələr Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin və Azərbaycanın artan iqtisadi potensialının göstəricisidir. Qarabağda bərpa proseslərinin dayanıqlılığı və səmərəliliyi maliyyə resurslarının düzgün idarə olunması və şəffaf mexanizmlərin tətbiqi ilə birbaşa bağlıdır", - deyə sədr qeyd edib.