Ekspert: "Rusiyanın Ermənistandakı şirkətlərindən sanksiyalardan yayınmaq üçün istifadə olunur"

Biznes
  • 03 sentyabr, 2025
  • 12:08
Ekspert: Rusiyanın Ermənistandakı şirkətlərindən sanksiyalardan yayınmaq üçün istifadə olunur

Rusiya Ermənistandakı şirkətlərinin bu ölkədə qaranlıq əməliyyatların aparılması məqsədilə yaradılmasına dair şübhələr var.

"Report" xəbər verir ki, bunu "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin iqtisadçı-eksperti Malik Həsənov Ermənistanın şübhəli idxal-ixrac əməliyyatlarının iqtisadi təhlilinə dair brifinqdə bildirib.

Onun sözlərinə görə, Ukraynaya qarşı müharibədən sonra Ermənistanda rusiyalı iş adamlarının adlarına açılmış yüzlərlə şirkət peyda olub: "Bu şirkətlərin qaranlıq əməliyyatların aparılması üçün yaradılmasına dair şübhələr var. Birdən-birə Rusiyadan Ermənistana ixracın 75 %-dən çoxunun mirvarilər, qiymətli və ya yarıqiymətli daşlar, qiymətli metallar kimi məhsullar təşkil etməsinə heç kim cavab vermir".

Hüquqşünas-ekspert Bayram Sadıqov isə deyib ki, BMT Baş Assambleyasının müvafiq qətnamələri beynəlxalq hüquqa zidd hərəkətlərə görə dövlətlərin məsuliyyətini müəyyən edib, başqa dövlətin beynəlxalq hüquqazidd əməl törətməsinə şərait yaradan dövlət də beynəlxalq məsuliyyət daşıyır: "Rusiya və Ermənistanın hərəkətlərinə bu prizmadan yanaşılmalıdır".