Dünyada 40 milyondan çox siqaret çəkən şəxs tüstüsüz tütün məhsullarına keçib
- 08 oktyabr, 2025
- 15:39

Dünya üzrə 40 milyondan çox siqaret çəkən şəxs daha az zərərli olan tüstüsüz tütün məhsullarına keçib.
"Report" xəbər verir ki, bu barədə bu gün Dubayda keçirilən "Technovation" konfransında bildirilib.
"Philip Morris International" (PMI) şirkəti tərəfindən ənənəvi olaraq təşkil olunan tədbir, siqaretin zərərinin azaldılmasına və tütün sənayesində innovativ həllərin tətbiqi məsələlərinə həsr olunub.
Ekspertlərin məlumatına görə, dünyada 1 milyarddan çox siqaret çəkən şəxsin təxminən 80 %-i inkişaf etməkdə olan iqtisadiyyatlara malik ölkələrdə yaşayır.
Yaponiyanın Səhiyyə Nazirliyinin məlumatına görə, bazarda tüstüsüz alternativlərin meydana çıxmasından sonra siqaretçəkmənin yayılması 50 % azalıb. Bu cür məhsulların əlçatan olduğu İsveçdə isə siqaret çəkənlərin payı əhalinin 5 %-nə düşüb. Eyni zamanda, tüstüsüz məhsulların qadağan olunduğu ölkələrdə siqaretçəkmə səviyyəsi ya sabit qalır, ya da cüzi şəkildə azalır.
Araşdırmalar göstərir ki, siqaret tüstüsü bir çox zərərli və kanserogen maddələr ehtiva edir, halbuki tüstüsüz məhsullarda onların səviyyəsi PMI-nin apardığı tədqiqatın nəticələrinə görə 95 % daha aşağıdır. Bu məlumatlar dünya üzrə bir sıra müstəqil təşkilatlar tərəfindən təsdiqlənib.
Bu gün PMI-nin investisiyalarının 99 %-dən çoxu tüstüsüz tütün məhsullarının hazırlanmasına və kommersiyalaşdırılmasına yönəldilib. Bunların payı artıq şirkətin ümumi gəlirlərinin 40 %-dən çoxunu təşkil edir.
Konfransın təşkilatçıları qeyd ediblər ki, daha az zərərli alternativlərə keçməyə hazır olan siqaret çəkənlərin sayı tənzimləyici orqanlar və hökumətlər tərəfindən dəstək göstərildiyi təqdirdə əhəmiyyətli dərəcədə arta bilər. Bununla belə, bir çox ölkələrdə tütün sənayesinin innovasiyalarına qarşı skeptisizm hələ də qalmaqdadır.