BUƏB rəsmisi: Belarus və Azərbaycanın ticarət dövriyyəsinin 22 %-ə yaxını birja əqdləridir
- 20 oktyabr, 2025
- 16:57

Bu ilin əvvəlindən Belarus və Azərbaycan arasındakı ümumi ticarət dövriyyəsinin təxminən 22 %-i birja əqdlərinin payına düşür.
Bunu "Report"a müsahibəsində Belarus Universal Əmtəə Birjasının (BUƏB) Xarici İqtisadi Fəaliyyət İdarəsinin rəisi Yaroslav Kovalçuk deyib.
Onun sözlərinə görə, hazırda BUƏB-də Azərbaycandan 176 təsərrüfat subyekti akkreditasiyadan keçib, onlardan 38-i bu il qoşulub: "Azərbaycan şirkətlərinin bir çoxu ticarətdə fəal iştirak edir və Belarusun taxta-şalban məhsullarının əsas alıcılarıdır. Bu gün Azərbaycan birjada fəallığına görə aparıcı ölkələrin beşliyində yer alır. Birinci yerdə Rusiya, sonra Çin, Özbəkistan, Azərbaycan və Polşa gəlir.
2024-2025-ci illərdə birja vasitəsilə Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 175 milyon ABŞ dolları təşkil edib və bu gün yalnız Belarus məhsullarının ixracından ibarətdir. İxracda taxta-şalban məhsulları əsas paya (171,9 milyon ABŞ dolları) malikdir, qalan hissə isə Belarus istehsalı olan quru süd, kərə yağı, ət məhsulları və ağ kristal şəkərin ixracının payına düşür".
Y. Kovalçuk qeyd edib ki, Belarusun kənd təsərrüfatı məhsulları istehsalçılarının BUƏM mexanizmləri vasitəsilə Azərbaycan bazarına daxil olmasında müsbət dinamika müşahidə olunur: "Əgər 2024-cü ildə kənd təsərrüfatı məhsullarının payı birja ixracının təxminən 1 %-ni təşkil edirdisə, hazırda bu göstərici 3 %-dən çoxdur. Bu, təkcə payın deyil, həm də tədarüklərin real həcminin artdığını göstərir".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.