BİAF 2025: klassikanın müasir incəsənətlə qovuşduğu məkan 2-ci həftəsonunun proqramı
- 13 oktyabr, 2025
- 09:54

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Bakı Beynəlxalq İncəsənət Festivalı (BİAF) 2-ci həftəsonu tamaşaçılara zəngin musiqi və teatr proqramı təqdim edəcək.
7–9 noyabr tarixlərində festival ziyarətçiləri klassik musiqinin şah əsərlərindən və müasir dramaturgiyanın parlaq nümunələrindən zövq ala biləcəklər. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası və Azərbaycan Dövlət Musiqili Teatrı bu dəfə dünya səviyyəli mədəni hadisələrin səhnəsinə çevriləcək.
Xəzərin mədəni ürəyi sayılan Bakı - Şərqlə Qərbin qovuşduğu unikal məkandır. Tarixən Böyük İpək Yolunun mühüm dayanacaqlarından biri olan şəhər bu gün də xalqları birləşdirir, öz zəngin irsi ilə ilham mənbəyi olur. BİAF 2025 bu birliyin yeni simvoluna çevrilərək, dünya incəsənətini Azərbaycan mədəniyyətinin zənginliyi ilə qovuşdurur. Festival həm də paytaxt üçün xüsusi əhəmiyyət daşıyır: o, Bakının turizm potensialını artırır, beynəlxalq əlaqələrin möhkəmlənməsinə xidmət edir və şəhər sakinlərinə, eləcə də qonaqlara unudulmaz mədəni təcrübə bəxş edir.
İkinci həftəsonunun proqramı
7 noyabr (cümə)
Əfsanəvi skripka ifaçısı Yulian Sitkovetskinin 100 illiyinə həsr olunmuş qala-konsert
İkinci həftəsonunun proqramı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək unudulmaz musiqi axşamı ilə açılacaq. Tanınmış skripkaçı, dirijor və bəstəkar Dmitri Sitkovetski atasının - əfsanəvi musiqiçi Yulian Sitkovetskinin anadan olmasının 100 illiyinə həsr etdiyi xüsusi proqram təqdim edəcək. Onun Bax və Paqanini əsərlərinin ifaları bu gün də gənc musiqiçilər üçün nümunə sayılır.
Konsertdə beynəlxalq müsabiqələrin qalibləri və dünyanın müxtəlif ölkələrindən olan istedadlı ifaçılar - Liana Qurciya, Ayaka Uçio, Nəzrin Aslanlı və Murad Adıgözəlzadə çıxış edəcəklər. Bu bayram axşamı nəsilləri və ölkələri birləşdirərək, musiqinin dili ilə ailə xatirələrini və sənətin əzəmətini bir araya gətirəcək.
Konsertin başlanğıcı - saat 20:00.
8 və 9 noyabr (şənbə və bazar)
"Hamlet, Danimarka şahzadəsi" - dünya səhnəsinin əfsanələri Robert Lepaj və Giyom Kote tərəfindən
8 və 9 noyabr tarixlərində Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində tamaşaçılar Şekspirin "Hamlet, Danimarka şahzadəsi" əsərinin xoreoqrafik interpretasiyasını izləyə biləcəklər. Tamaşanın müəllifləri Kanadanın tanınmış sənət xadimləri - kult rejissor Robert Lepaj və xoreoqraf, rəqqas Giyom Kotedir.
Ex Machina və Côté Danse şirkətlərinin birgə layihəsi olan bu səhnə əsərində klassik dramaturgiya hərəkətin gücü, müasir texnologiyalar və səhnə illüziyaları vasitəsilə yenidən canlanır, tamaşaçını qəhrəmanların mürəkkəb və ziddiyyətli dünyasına aparır. Toronto, Çikaqo və Monreal səhnələrini fəth etmiş bu tamaşa balet zərifliyini teatr avanqardı ilə birləşdirir - bircə kəlmə sözsüz, lakin dərin hisslər və emosiyalarla dolu performansla.
Tamaşaların başlanğıcı - saat 19:00.
Hər bir BİAF 2025 tədbiri incəsənətin yeni üfüqlərini açır.
Festivalın tam proqramı ilə www.biaf.az saytında tanış ola bilərsiniz.
Bu möhtəşəm mədəni hadisənin şahidi olmaq fürsətini qaçırmayın!