Azərbaycanın qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sektorlar üzrə bölgüsü açıqlanıb
- 05 sentyabr, 2025
- 18:34

Bu il sentyabrın 1-nə Azərbaycanın qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.
Məlumata görə, 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı təxminən 470 min vahid və ya 87 % artıb. Ümumi əmək müqavilələrinin 55 %-ə yaxını qeyri-neft sektorunun payına düşür.
Qeyri-neft sektorunda əmək müqavilələrinin əsas hissəsi ticarət (299 min vahid), xidmət (232 min vahid) və sənaye (128 min vahid) sahələrinin payına düşür. Tikinti sektorunda bu göstərici 98 min, nəqliyyat sektorunda 46 min, kənd təsərrüfatında 38 min, maliyyə sektorunda 36 min, rabitə sektorunda 24 min, digər sektorlarda isə 109 min təşkil edir. 2025-ci ilin 8 ayında qeyri-neft özəl sektorunda qeydə alınmış 26,6 min artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində müşahidə edilib.
DVX hesab edir ki, bu əhəmiyyətli nəticələrin əldə edilməsində iqtisadi inkişaf və yeni iş yerlərinin yaradılması ilə yanaşı, 7 illik güzəştlərə əsaslanan və qeyri-neft sektorunda məşğulluğun stimullaşdırılmasına yönəlmiş vergi islahatları həlledici rol oynayıb: "Əldə olunan nailiyyətlər Azərbaycan iqtisadiyyatının post-neft dövrü üçün dayanıqlı və inklüziv inkişaf modelinə keçidini sürətləndirir, eyni zamanda dövlətin əsas hədəfinin – qeyri-neft özəl sektorunda dayanıqlı məşğulluq və sosial rifahın yüksəldilməsinin uğurla həyata keçirildiyini nümayiş etdirir.
Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində Azərbaycanda əmək bazarının inkişafı, bu istiqamətdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə əsaslanan tənzimləmə mexanizmlərinin tətbiqi daim diqqət mərkəzində saxlanılır".
İş yerlərinin rəsmiləşdirilməsi, əmək münasibətlərində şəffaflığın təmin edilməsi, əməkhaqlarının "ağardılması" məqsədilə həyata keçirilən təşviqəsaslı vergi siyasəti əmək bazarına müsbət təsir göstərməyə davam edir. Bu istiqamətdə atılan addımlar, xüsusilə də qeyri-neft sektorunun özəl bölməsində məşğulluğun artırılması və əməkhaqlarının leqallaşdırılması baxımından mühüm nəticələr verib.