Azərbaycanda 8 ayda 150-dən çox yeni dövlət standartı təsdiqlənib

Biznes
  • 05 sentyabr, 2025
  • 11:08
Azərbaycanda 8 ayda 150-dən çox yeni dövlət standartı təsdiqlənib

Bu ilin yanvar–avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq 151 yeni dövlət standartını təsdiqləyib.

"Report" bu barədə AZSTAND-a istinadən xəbər verir.

Hesabat dövründə ən böyük pay qida texnologiyası və kənd təsərrüfatı sahəsinə düşüb. Bu istiqamətdə 38 yeni standart qəbul edilib.

Konservləşdirilmiş məhsullar, ət və süd məmulatları, zeytun və zeytun yağı, un-dəyirmançılıq və qablaşdırılmış içməli su kimi çeşidlər üzrə texniki tələblər yenilənib və konkret təriflərə salınıb.

Tikinti materialları üçün 9 standartla dam örtükləri, beton və yığma dəmir-beton elementləri üzrə tələblər dəqiqləşdirilib.

İnformasiya-telekommunikasiya və elektrotexnika sahəsində 27 sənədlə enerji səmərəliliyi, məişət avadanlıqlarının sınaq üsulları, coğrafi informasiya və süni intellekt üzrə idarəetmə-risk çərçivələri qəbul olunub.

Neft-qaz və əlaqəli texnologiyalar üçün 17 standart yağlar, aşqarlar və soyuducu mayelərin təhlükəsizlik və performans parametrlərini tənzimləyib. Ətraf mühit mövzusunda 10 sənədlə suyun keyfiyyəti, qablaşdırmanın təkrar istifadəsi və ekoloji terminologiya üzrə tələblər sistemləşdirilib.

Nəqliyyat sahəsində 7 sənədlə emissiya, elektrik ötürücüsü və təhlükəli yüklərin daşınması üzrə vahid müddəalar tətbiq edilib; idarəetmə və keyfiyyət istiqamətində 5 standart (o cümlədən rüşvətxorluğa qarşı idarəetmə, distant təhsil və AI idarəetmə sistemi) təsdiqlənib.

Rezin-plastik boru sistemləri üzrə 2, zərgərlik sahəsində 2, tekstil və dəri texnologiyasında 16, əməyin mühafizəsində 17, metrologiyada 1 yeni standart qəbul edilib.

Paralel olaraq AZSTAND 60 dövlət standartının dövri yoxlanılmasını aparıb və onlara dəyişikliklər verib.

Bu yeniləmələr qida məhsullarından suyun keyfiyyətinə, nəqliyyat vasitələrinin şüşələrindən inşaat materiallarının sınaq metodlarına qədər geniş spektri əhatə edir.

Eyni zamanda 52 dövlət standartı qüvvədən düşmüş hesab edilərək ləğv edilib. Bu addım təkrarlanan və ya köhnəlmiş tələblərin dövriyyədən çıxarılması, normativ bazanın aktual beynəlxalq normalarla uyğunlaşdırılması məqsədi daşıyır.

İlkin sorğuların artması fonunda sahibkarların müraciətləri əsasında 86 texniki şərt hazırlanıb, ekspertizadan keçirilib və dövlət qeydiyyatına alınıb.