Azərbaycan şirkətləri Özbəkistanın əyləncə sənayesi bazarına çıxmaq istəyir
- 01 oktyabr, 2025
- 15:52
Azərbaycan şirkətləri Özbəkistanda istehsal sektoru və əyləncə sənayesində fəaliyyət göstərməkdə maraqlıdır.
Bu barədə "Report"a müsahibəsində Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin direktoru Nazim Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda artıq Özbəkistan şirkətləri ilə birgə həyata keçirilən və ya keçiriləcək bir neçə layihə var:
"Özbəkistan biznesi Azərbaycan bazarına çıxmaqda böyük maraq göstərir və şirkət bu təşəbbüslərə maksimum dəstək verməyə çalışır. Bunlar əsasən pambıq məhsulları da daxil olmaqla toxuculuq sənayesində fəaliyyət göstərən istehsal şirkətləridir. Eyni zamanda biz Özbəkistan bazarına çıxmağı planlaşdıran Azərbaycanın özəl şirkətləri ilə danışıqlar aparırıq. Onların maraqları daha müxtəlifdir: həm istehsal sektorunu, həm də əyləncə sənayesini əhatə edir. Hələlik bu təşəbbüslər erkən mərhələdədir və hələ investisiya ekspertizasından keçməyib".
Şirkətin direktoru bildirib ki, 15 layihə ekspertiza mərhələsindədir: "Bunların arasında pərakəndə ticarət sahəsində təşəbbüslər, həmçinin bərpa olunan enerji üçün avadanlıqların istehsalı layihələri var".
"Növbəti ildə biz artıq təsdiqlənmiş layihələri həyata keçirməyi və yeni təşəbbüslər portfelini genişləndirməyi planlaşdırırıq. Düşünürəm ki, onların sayı bu illə müqayisədə xeyli çox olacaq. Buna Bakı ofisinin açılması, Avropadakı potensial tərəfdaşlarımızla fəal iş, marketinq və PR fəaliyyəti sayəsində şirkət haqqında məlumatlılığın artırılması kömək edəcək", - o vurğulayıb.
Müsahibənin tam mətni ilə keçid vasitəsilə tanış olmaq mümkündür.