Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 1 %-dən çox artırıb
- 28 noyabr, 2025
- 09:55
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Rusiyaya 968,9 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın noyabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çoxdur.
10 ay ərzində qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 1,8 % artaraq 486,3 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 70,7 % artaraq 288,3 milyon ABŞ dolları olub.
Ötən 10 ayda Azərbaycan həmçinin Gürcüstana 273,6 milyon ABŞ dolları (16,6 % çox), Ukraynaya isə 171,4 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.
10 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.