Azərbaycan kapital bazarında xidmət haqları: inkişafın görünməz baryeri – ARAŞDIRMA

Biznes
  • 02 oktyabr, 2025
  • 16:01
Azərbaycan kapital bazarında xidmət haqları: inkişafın görünməz baryeri – ARAŞDIRMA

Azərbaycanın kapital bazarında son dövrlər ən çox müzakirə olunan məsələlərdən biri istiqrazların pula çevrilməsi zamanı tətbiq edilən yüksək xidmət haqlarıdır.

Məsələn, bəzən 100 manatlıq istiqrazın dəyərinin geri ödənilməsi üçün 30 manata qədər komissiya tutulur ki, bu da ümumi məbləğin əhəmiyyətli hissəsini təşkil edir.

Belə yüksək xidmət haqları bazar iştirakçıları üçün əlavə yük yaradır, kiçik məbləğli əməliyyatları əlverişsiz edir və fərdi investorların kapital bazarına marağını azaldır. Bu məsələ qiymətli kağızlar bazarında rəqabətin gücləndirilməsi, xidmət xərclərinin azaldılması və əməliyyatların daha səmərəli həyata keçirilməsi ilə bağlı müzakirələri aktuallaşdırıb.

"Report" mövzunu ekspertlər və bazar iştirakçıları ilə müzakirə edib.

İqtisadçı-ekspert Xalid Kərimli deyir ki, vətəndaşlardan tutulan vəsait tam şəkildə yerli broker şirkətlərinin qazancı deyil, çünki əməliyyatlarda xarici tərəfdaşlara da ödəniş edilir: "Burada təbii ki, qazanc elementi var, amma əsas məsələ əməliyyatların xarici istiqrazlarla bağlı olub-olmamasıdır. Aralıq xərclər və xarici tərəfdaşlara ödənən faizlər ümumi komissiyanın tərkibinə daxildir. Bundan əlavə, əməliyyatların məbləği kiçik olduqda xərclər nisbətən yüksək görünür. Ona görə də minimal məbləğ müəyyən edilir. Bu, o demək deyil ki, 100 manatlıq əməliyyata 30 % tutulur. Məsələn, bəzi brokerlər minimal 30 manat həddi qoruyur. Hətta 10 min manatlıq əməliyyatda belə, komissiya 30 manatı keçməyə bilər. Məbləğ artdıqca faiz nisbəti azalır".

Onun sözlərinə görə, beynəlxalq bazarlarda istiqrazların minimal alış məbləği adətən 1 000 ABŞ dollarından başlayır, bəzən isə 100–200 min dollara qədər yüksəlir: "Azərbaycanda isə 100 manatlıq istiqrazlar nadir hallarda buraxılır. Kiçik məbləğli əməliyyatların xərci çox olduğuna görə brokerlər minimal komissiya tətbiq edir. Bu, investorları daha böyük məbləğli alışlara təşviq edir. Dünyada da "penny stock" kimi adlandırılan ucuz səhmlərdə eyni yanaşma mövcuddur".

Eskpert əlavə edib ki, qiymətli kağızlar bazarında komissiyalar normativ sənədlə tənzimlənmir, bazardakı rəqabətlə formalaşır: "Bu, valyuta məzənnəsi və yaxud bank kredit faizləri kimi sərbəst bazar mexanizmlərinə tabedir. Hər broker qiymət siyasətini müəyyən edir. Xaricdə komissiyasız və yaxud çox cüzi komissiya ilə işləyən platformalar – məsələn, "Robinhood" – fərqli biznes modellərinə əsaslanır. Azərbaycanda isə bazarın kiçik olması və broker şirkətlərinin azlığı rəqabəti məhdudlaşdırır. Şirkətlər xərclərini qarşılamaq üçün minimal həddlər qoymağa məcburdur".

Onun sözlərinə görə, ölkədə investisiya şirkətlərinin sayı azdır və hər biri məhdud müştəri portfeli ilə işləyir: "Bazar genişləndikcə, rəqabət artdıqca komissiya dərəcələrinin də tədricən aşağı düşməsi mümkündür. Hazırda isə bu xərclər kapital bazarının inkişafına ciddi maneə yaratmır və beynəlxalq təcrübəyə uyğundur".

Azərbaycandakı investisiya şirkətlərindən birinin direktoru Cəfər İbrahimli bildirib ki, kapital bazarında komissiyalar minimaldır və tam şəffaflıq təmin olunub: "Kapital bazarının quruluşu Milli Depozit Mərkəzi (MDM), "Bakı Fond Birjası" QSC (BFB) və investisiya şirkətlərindən ibarətdir. Hər hansı qiymətli kağızın alqı-satqısı məhz bu üç qurum vasitəsilə həyata keçirilir və hər birinin özünə məxsus komissiya dərəcəsi mövcuddur. Lakin bu komissiyalar bazarın formalaşdığı vaxtdan bəri çox cüzi səviyyədədir və son 25 ildə ölkədə xərclər dəfələrlə artsa da, əksinə, kapital bazarında komissiyalar ya dəyişməyib, ya da azalıb. Bankların xidmət haqları ilə müqayisədə bu komissiyalar dəfələrlə aşağıdır".

Onun sözlərinə görə, qiymətli kağızların ticarətində həm alış, həm də satış əməliyyatları üçün çox kiçik komissiya tutulur: "Satışdan əldə olunan vəsait əvvəlcə investisiya şirkətinin hesabına köçürülür və bank vasitəsilə müştərinin hesabına yönəldilir. Bu zaman yalnız bankın öz tariflərinə uyğun cüzi komissiya tətbiq edilir. Əsas xərclər yalnız vəsaitin nağdlaşdırılması zamanı ortaya çıxır. Böyük bankların əksəriyyəti 0,7–0,8 % komissiya tutur. Bu göstərici investorlar üçün daha çox diqqət çəkir. Lakin bu, bankların tarif siyasətindən və bazardakı rəqabət mühitindən asılıdır. İnzibati qaydada dəyişdirilməsi çətindir, amma maliyyə sektoru daxilində aparılan danışıqlar nəticəsində yaxın zamanda bu komissiyanın daha da azaldılması gözlənilir".

Ekspert əlavə edib ki, kapital bazarı ölkədə ən şəffaf sahələrdən biridir: "Həm investisiya şirkətləri, həm BFB, həm də MDM-in saytlarında tarif cədvəlləri açıq şəkildə yerləşdirilib. Hər hansı dəyişiklik dərhal ictimaiyyətə elan olunur. İstənilən vətəndaş bu məlumatları onlayn şəkildə əldə edə bilər. Bu baxımdan bazarda qeyri-şəffaflıqdan söhbət gedə bilməz".

BFB-dən isə "Report"un sorğusuna cavab olaraq bildirib ki, rəqabət və texnoloji inkişaf kapital bazarını daha əlçatan edəcək: "Yüksək tarif və komissiyalar tranzaksiyaların səmərəliliyini azalda bilər. Kapital bazarının hər kəs üçün əlçatan və effektiv olması üçün bazarın daha dərin və likvid formalaşması vacibdir. Bazarda rəqabətin artırılması və şəffaflığın təmin edilməsi istiqamətində aparılan işlər daxili kapital bazarının davamlı inkişafına xidmət edir. Bazar iştirakçılarının, xüsusilə də market meykerlərin sayı artdıqca kapital bazarının tarifləri daha əlverişli olacaq. Bundan əlavə, innovativ texniki infrastrukturun inkişafı fərdi investorlar üçün bazarı daha əlçatan edir".

Son xəbərlər

Bütün Xəbər Lenti