Anar Axundov: "Əlverişli biznes mühiti üçün mühüm islahatlar həyata keçirilir"
- 06 noyabr, 2025
- 12:05
Azərbaycanda əlverişli biznes mühitinin formalaşdırılması, sahibkarların dəstəklənməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib.
Onun sözlərinə görə, bu addımlar qeyri-neft-qaz sənayesinin inkişafına, iri şəhərlərdə, eləcə də bölgələrdə yeni istehsal və emal müəssisələrinin, iş yerlərinin yaradılmasına stimul verir: "Bununla yanaşı, qarşıda ölkəmizin davamlı inkişafı üçün önəmli çağırışlar var. 2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla 2022-2025-ci illərdə ÜDM-in orta hesabla ildə 3,3 % artması gözlənilir. Artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunacaq. Bu sektor üzrə ÜDM-in orta illik artımının 6,1 % olacağı gözlənilir ki, bu da müəyyən olunmuş hədəfdən yüksəkdir".
"Ümumilikdə, 2026-cı ildə neft hasilatının həcminin 27,6 milyon ton, əmtəəlik qaz hasilatının həcminin 38 milyard m3 olacağı proqnozlaşdırılır. İqtisadi artıma təsir edən mühüm amillərdən biri neft-qaz hasilatıdır. Dövlət başçısının müvafiq sərəncamına əsasən "2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması istiqamətdə intensiv işlər görülür. Bu sənədlərin reallaşdırılması ölkə iqtisadiyyatının mənzərəsində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq, xüsusilə prioritet sahələrdə iqtisadi artım templəri sürətlənəcək, iqtisadi artımın və məşğulluğun dayanıqlığı daha da artacaq. ÜDM-in növbəti ildə 2,9 %, 2026-2029-cu illərdə orta illik hesabla 3,5%, qeyri-neft-qaz ÜDM-nin növbəti və ortamüddətli dövrdə isə orta illik hesabla 5 % artacağı proqnozlaşdırılır".