Qusarda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib
- 17 oktyabr, 2025
- 16:57

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusarda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib.
"Report" nazirliyə istinadən xəbər verir ki, festival çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunu təmsil edən fermerlər, həmçinin toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər öz məhsullarını təqdim ediblər.
Yarmarkada isə müxtəlif kənd təsərrüfatı bitkilərinə aid yüksək məhsuldarlığı və iqlimə uyğunluğu ilə seçilən yeni toxum sortları nümayiş olunub.
Yarmarkada qurulan xüsusi stenddə müxtəlif bölgələrin iqlim şəraitinə uyğun sertifikatlaşdırılmış toxum nümunələri nümayiş etdirilib. Mütəxəssislər fermerlərə "Xəzri", "Yubiley90", "Ləyaqətli 80", "Mətin", "Alekseiç", "Tigre", "Cesare", "Maurizio", "Gadio" yumşaq buğda və "Dəyanətli", "Sadiq", "Manava", "Finola" arpa sortlarının istifadəsini tövsiyə ediblər.
Festival çərçivəsində bölgənin kənd təsərrüfatı ənənələrini özündə ehtiva edən məhsullar nümayiş olunub. Fermerlər tərəfindən yetişdirilən təzə və orqanik meyvə-tərəvəz məhsulları, süd və süd məhsulları ziyarətçilərə təqdim edilib. Tədbir həm yerli istehsalçılar üçün satış imkanları yaradıb, həm də regionun kənd həyatının zənginliyini əks etdirib.
Festival zamanı 10-a yaxın bank və bank olmayan kredit təşkilatının iştirakı ilə kredit yarmarkası təşkil edilib. Yarmarkada bank və bank olmayan kredit təşkilatının mütəxəssisləri potensial müştərilərinə kredit əməkdaşlığı barədə məsləhət və tövsiyələr veriblər. Eyni zamanda fermerlər mövcud təsərrüfatlarına və planlarına uyğun olaraq götürə biləcəkləri kreditlərin maksimal həcmi barədə məlumatlandırılıblar.