Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Qala Əncir Festivalı" keçirilib
- 08 sentyabr, 2025
- 17:37

"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Qala Əncir Festivalı" keçirilib.
"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, "Qala Əncir Festivalı" nazirliyin Aqrar İnnovasiya Mərkəzinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və "EkoSfera" Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Məlumata görə, Abşeronun təbii zənginliklərini və xüsusilə Qala bölgəsinin əncirçilik ənənələrini təbliğ etməyi hədəfləyən festival yerli sakinlərin, fermerlərin, turistlərin böyük marağına səbəb olub.
Festivalın rəsmi açılışında"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış ediblər.
Çıxışı zamanı R.Mahmud əncirin xalqımızın qida mədəniyyətində və sağlam həyat tərzində mühüm yer tutduğunu, festivalın isə həm milli sərvətlərimizin tanıdılması, həm də ölkəmizin turizm potensialının artırılması baxımından əhəmiyyət daşıdığını qeyd edib.
A.Cəfərov çıxışında məhsul festivallarının təşkilinin aqrar sahədə fəaliyyət göstərən tərəflər arasında bilik, təcrübə və resurs mübadiləsinə xidmət etdiyini vurğulayıb. O qeyd edib ki, bu kimi festivallar fermerlərin dəstəklənməsi, yerli brendlərin tanıdılması işinə mühüm töhfə verir.
Festival çərçivəsində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən elmi-tədqiqat institutları - Meyvəçilik və Çayçılıq, Üzümçülük və Şərabçılıq, Əkinçilik, Baytarlıq, Heyvandarlıq, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutları öz fəaliyyət istiqamətləri üzrə təqdimatlar keçiriblər. İştirakçılara meyvəçilikdə innovativ yanaşmalar, üzümçülük və şərabçılıqda yeni texnologiyalar, ekoloji dayanıqlı əkinçilik üsulları, baytarlıq və heyvandarlıqda sağlamlıq xidmətləri, həmçinin bitki mühafizəsi sahəsində qabaqcıl həllər barədə məlumatlar təqdim olunub.
Festivalda Aqrar Xidmətlər Agentliyinin nümayəndələri fermerlərə göstərilən xidmətlər-bitki sağlamlığı, toxumçuluq, laboratoriya xidmətləri, torpaq və su analizi, baytarlıq və fitosanitar xidmətlər barədə məlumat veriblər. Bununla yanaşı, festivalda tingçilik təsərrüfatları və bitki mühafizə şirkətləri öz məhsul və xidmətlərini sərgiləyiblər.
Festivalın sonunda "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində əncir tingləri əkilib.