Məcnun Məmmədov: "Azərbaycan sənaye sahəsi güclənən ölkəyə çevrilir"
- 20 noyabr, 2025
- 22:50
Azərbaycanda sənayeləşmə, xidmət sahələri, logistik xidmətlər genişləndikcə, aqrar sektorun ölkə iqtisadiyyatında payının azalması müşahidə olunacaq.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Baku TV"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, keçən ilin sonunda aqrar sektor Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) 5,7 % təşkil edib: "Biz son illərdə kənd təsərrüfatının ÜDM-də payının getdikcə azaldığını görürük. Baxmayaraq ki, aqrar sektor artım tendensiyası nümayiş etdirir. Əslində, bu, normal haldır və narahat olunacaq məqam deyil. Belə ki, Azərbaycanda sənayeləşmə, xidmət sahələri, logistik xidmətlər genişləndikcə, aqrar sektorun ölkə iqtisadiyyatında payının azalması müşahidə olunacaq. Burada qorxulu heç nə yoxdur".
Nazir bunu onunla əsaslandırıb ki, Azərbaycan daha möhkəm, sənaye sahəsi güclənən ölkəyə çevrilir: "İnkişaf etmiş ölkələrlə müqayisə etsək, bunun doğru istiqamət olduğunu görərik. Aqrar sahəsi inkişaf etmiş ölkələrdə kənd təsərrüfatının iqtisadiyyatlarındakı payı 1-2 % ətrafındadır. Odur ki, aqrar sahədə əsas gücümüzü məhsuldarlığın artımına yönəldirik. Məqsədimiz insanların səmərəli şəkildə işləməsidir".