Masallıda Çəltik və Düyü Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

ASK
  • 29 sentyabr, 2025
  • 11:08
Masallıda Çəltik və Düyü Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Masallıda kənd təsərrüfatının inkişafı, ənənələrin yaşadılması və aqrar sahədə innovativ texnologiyaların təşviqi məqsədilə Çəltik və Düyü Festivalı və toxum sərgi-satış yarmarkası təşkil olunub.

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, festival çərçivəsində Masallı rayonunda çəltikçilik sahəsində görülən işlər və bu sahənin potensialı geniş şəkildə təqdim olunub.

Tədbirdə çəltik əkini və biçini üçün istifadə olunan müasir texnikalar nümayiş etdirilib, çəltik və düyüdən hazırlanan müxtəlif məhsullar ziyarətçilərə təqdim olunub. Festival iştirakçıları düyüdən hazırlanan ərzaq və qida məhsulları, müxtəlif kənd təsərrüfatı və ərzaq məhsulları, sənətkarlıq nümunələri, sənaye məhsulları və əl işləri ilə tanış olmaq imkanı qazanıblar.

Tədbirdə Aqrar Biznes Festivallarının ənənəsinə uyğun olaraq dövlət qurumları tərəfindən aqrar sahə ilə bağlı müxtəlif xidmətlər və aqrar sığorta məhsulları təqdim olunub.

Festivalda özəl aqrar şirkətlər tərəfindən müxtəlif kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar sərgilənib. Fermerlər toxum, gübrə və pestisidlər, müasir suvarma texnologiyaları və kənd təsərrüfatı texnikaları ilə tanış olub, onların tətbiqi barədə ətraflı məlumat əldə ediblər.

Tədbir çərçivəsində həmçinin mövsümün növbəti toxum sərgi-satış yarmarkası keçirilib. Fermerlərin rayonlaşdırılmış, sertifikatlı toxumlara əlçatanlığını təmin etmək və aqrar sektorda keyfiyyətli toxum istehsalını təşviq etmək məqsədilə təşkil edilən sərgi-satış yarmarkasında geniş çeşiddə toxum nümunələri nümayiş olunub.

Yarmarka çərçivəsində fermerlərə əkin prosesində aqrotexniki qaydaların tətbiqi, torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçimi və düzgün qulluq tədbirləri barədə də geniş məlumat verilib. Fermerlərə bölgənin torpaq və iqlim şəraitinə uyğun yumşaq buğdanın "Yubiley-90", "Ləyaqətli-80", "Lider", "Gaudio", "Esperia", bərk buğdanın "Göytəpə", "Rəvan", arpanın "Cəlilabad-19", "Dəyanətli" sortlarının istifadəsi tövsiyə olunub. Bildirilib ki, bu sortlar məhsuldarlığın yüksəldilməsi ilə yanaşı, yerli şəraitə yüksək uyğunlaşma qabiliyyəti ilə də seçilir.

Tədbir stendlərə baxış ilə davam edib, konsert proqramı ilə başa çatıb.

Son xəbərlər

Bütün Xəbər Lenti