İlhamə Qədimova: "Quraqlıqlar ərzaq təhlükəsizliyi və məhsuldarlığa ciddi təsir edən amilə çevrilib"

ASK
  • 01 oktyabr, 2025
  • 12:02
İlhamə Qədimova: Quraqlıqlar ərzaq təhlükəsizliyi və məhsuldarlığa ciddi təsir edən amilə çevrilib
İlhamə Qədimova

Dünyada quraqlıqların miqyası getdikcə genişlənir və bu, Azərbaycan üçün xüsusilə aktual məsələlərdən birinə çevrilib.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatına ən böyük təsir göstərən sahələrdən biri su idarəçiliyidir:

"Məhz buna görə də Azərbaycan iqlim dəyişikliyinə adaptasiya kontekstində su məsələlərini prioritetlər sırasında ən yuxarı yerlərdən birinə qoyur. Son illərdə quraqlıqlar həm ərzaq təhlükəsizliyinə, həm də kənd təsərrüfatında məhsuldarlığa ciddi təsir edən amilə çevrilib.

Bu məsələ bu gün də müzakirə ediləcək mövzular arasındadır. Artıq bir neçə ildir ki, ölkəmizdə müasir suvarma sistemlərinin tətbiqi təşviq edilir. Dövlət bu sahədə güzəştlər və subsidiyalar təqdim edir ki, fermerlər müasir suvarma üsullarından istifadə etsinlər. Müasir suvarma isə az su sərfiyyatı, itkinin qarşısının alınması və nəticədə daha yüksək məhsuldarlıq deməkdir. Bu, həm resurslara qənaət, həm də istehsalın artırılması baxımından ikiqat əhəmiyyət kəsb edir".

Nazir müavini bildirib ki, günümüzün gətirdiyi yeni texnologiyalar kənd təsərrüfatında geniş imkanlar açır:

"Biz təkcə müasir suvarmadan danışmırıq, kənd təsərrüfatında tətbiq edilən digər texnologiyalar da böyük əhəmiyyət daşıyır. Məsələn, bu gün keçirilən ilk paneldə kənd təsərrüfatında süni intellektin tətbiqi ilə bağlı təqdimat oldu. Burada göstərildi ki, süni intellektin müxtəlif sahələrdə istifadəsi fermerlərimizə həm iqlim dəyişikliyinə uyğunlaşma, həm də iqlim dəyişikliyinə qarşı mübarizə baxımından geniş imkanlar təqdim edir. Eyni zamanda, dövlət qurumları bu məsələləri prioritet istiqamətlərə daxil edərək siyasətlərinə çox ciddi yanaşır".

Son xəbərlər

Bütün Xəbər Lenti