Qeyri-yaşayış obyektlərinin sadə formada sənədləşdirilməsi üçün müraciət müddəti yekunlaşmaqdadır
- 05 dekabr, 2025
- 18:34
Azərbaycanda qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi üçün sadələşdirilmiş prosedur üzrə müraciət müddəti yekunlaşmaqdadır.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Ölkə Prezidentinin 14 iyun 2023-cü il tarixli "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanının icrasına başlanıldığı dövrdən indiyə qədər 5 557 daşınmaz əmlak obyektinin istismarına icazə verilib. Onlardan 4 196 obyekt üzrə mülkiyyət hüquqları dövlət reyestrində rəsmiləşdirilərək hüquq sahiblərinə çıxarış təqdim olunub. İstismarına icazə verilən obyektlərə çıxarışların təqdim olunması davam etdirilir.
Fərmana əsasən tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-nə qədər başa çatmış, şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmadan inşa olunmuş qeyri-yaşayış təyinatlı obyektlərin istismarına icazə sənədinin verilməsi ilə bağlı müraciətlərin qəbulu Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində davam edir. 1 yanvar 2026-cı il tarixinə qədər sözügedən quruma müraciət edən obyekt sahibləri sadələşdirilmiş prosedurdan yararlanmaq hüququna malik olacaqlar.
Bu prosedura əsasən, ilkin sənədlər təqdim edildikdən sonra müraciətlər xüsusi elektron portal üzərindən qeydiyyata alınır. Tələb olunan tam sənədlər paketinin təqdim edilməsindən sonra məlumatlar müvafiq müayinələrin aparılması üçün aidiyyəti dövlət qurumlarına yönləndirilir. Aidiyyəti dövlət qurumlarının müsbət rəyi olarsa, obyektlərin istismarına icazə sənədi verilir. Obyekt sahibləri bu sənəd əsasında çıxarışın alınması ilə bağlı müraciət edə bilərlər.
Obyektlərin qanuniləşdirilməsi sahibkarlara mülkiyyət hüquqlarının tam rəsmiləşdirilməsi, aktivlərin girov qoyulması yolu ilə maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi, həmçinin təhlükəsizlik və istismar standartlarına uyğunluğun təmin edilməsi kimi mühüm üstünlüklər yaradır. Fərmanın icrası nəticəsində rəsmiləşdirilmiş qeyri-yaşayış obyektlərinin ümumi bazar dəyəri təxminən 4 milyard manat təşkil edir ki, bu da ölkə iqtisadiyyatına əlavə kapitallaşma və biznes fəaliyyətinin rəsmiləşdirilməsi baxımından əhəmiyyətli töhfədir.
Bununla yanaşı, adıçəkilən fərmanla Nazirlər Kabinetinə 2026-cı il 1 iyuna qədər istismar icazəsi olmayan qeyri-yaşayış binalarında torpaq və tikinti qanunvericiliyinin tələbləri pozularaq inşa edilməsindən yaranan problemlərin aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin təşkil olunması tapşırılıb.