FAO-Azərbaycan Yeni Tərəfdaşlıq Proqramının prioritet istiqamətləri açıqlanıb
- 02 oktyabr, 2025
- 16:14

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanla Tərəfdaşlıq Proqramının (FATP) ikinci mərhələsində rəqəmsal kənd təsərrüfatı, təbii sərvətlərin-suyun və torpağın qorunması, iqlim dəyişikliyi və uyğunlaşma məsələləri üzrə əməkdaşlığı vacib hesab edir.
Bunu "Report"a açıqlamasında FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu bildirib.
Onun sözlərinə görə, əməkdaşlığın istiqamətləri Azərbaycanın hökumətinin prioritetlərindən və FAO-nun təklif edə biləcəyi dəstəkdən asılı olacaq: "Eyni zamanda, aqrobizneslərin inkişafı, kənd icmalarının dəstəklənməsi də diqqət mərkəzində olacaq. Bu, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının ikinci mərhələsində hökumətlə birlikdə prioritetlərin müəyyənləşdirilməsi əsasında həyata keçiriləcək. Biz bu prosesə böyük ümidlər bəsləyirik".
O əlavə edib ki, FAO-Azərbaycan tərəfdaşlığı ilə həyata keçirilən layihələri həm hökumət, həm də əsas benefisiarlar yüksək qiymətləndirir: "FAO dünyanın müxtəlif bölgələrindən ən yaxşı təcrübələri və bilikləri toplayaraq onları ehtiyac olan ölkələrdə tətbiq edən qlobal platformadır. FAO dünyanın bir hissəsində mövcud olan ən yaxşı texnologiyaları və təcrübələri, onların lazım olduğu digər hissələrə gətirən platformadır. Bu baxımdan Azərbaycan həm benefisiar ölkə kimi, həm də öz təcrübə, bilik və innovasiyalarını qlobal ictimaiyyətlə bölüşən donor ölkə kimi xüsusi yer tutur".
Xatırladaq ki, FAO 130-dan çox ölkədə fəaliyyət göstərən, aclığa son qoymaq üçün beynəlxalq səylərə rəhbərlik edən BMT-nin ixtisaslaşmış qurumudur. Təşkilat Azərbaycanda öz fəaliyyətinə 1995-ci ildə başlayıb, onun yerli Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi isə 2015-ci ildə açılıb. Azərbaycan Hökumətinin müəyyən etdiyi milli prioritetlərə əsaslanaraq, FAO-nun tərəfdaşlıq proqramı əsas diqqəti ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsuldarlığının, ixracın, eləcə də ölkənin təbii ehtiyatlarından səmərəli istifadənin artırılmasına yönəldib. Proqram Azərbaycanda kənd təsərrüfatının dəyər zəncirlərinin inkişafını və kənd yerlərinin inkişafı üçün əlverişli mühitin yaradılmasını dəstəkləyir.
FATP-ın yaradılması barədə müqavilə 2015-ci ilin may ayında FAO-nun baş direktorunun ölkəyə səfəri çərçivəsində imzalanıb və 2016-2020-ci illər üçün 10 milyon ABŞ dolları məbləğində əməkdaşlıq çərçivəsi təsis edilib.
Azərbaycan və FAO son 23 ildə birgə 53-dən çox layihə həyata keçirib.