Azərbaycanda meyvə bağları üzrə böyük məbləğdə aqrar sığorta ödənişi edilib
- 20 noyabr, 2025
- 23:03
2025-ci ilin noyabr ayında Aqrar Sığorta Fondu tərəfindən ölkədə ilk dəfə olaraq meyvə bağlarında doludan keyfiyyət itkisi üzrə sığorta ödənişi həyata keçirilib.
Aqrar Sığorta Fondundan "Report"a verilən məlumata görə, Tərtər rayonun Kəbirli kəndində yerləşən "Aqropat" MMC şirkətinə məxsus meyvə bağları 2025-ci ilin may ayında dolu yağması nəticəsində ciddi təsirə məruz qalıb.
Bu barədə müraciət daxil olduqdan dərhal sonra Aqrar Sığorta Fondu tərəfindən əraziyə müstəqil aqrar sığorta ekspertləri yönəldilib. Ekspertlər dəfələrlə ərazidə olaraq baş vermiş hadisəni araşdırıb, bağa dəymiş zərərin xarakterini və həcmini müəyyən ediblər.
Nəticədə meyvə bağına dolu nəticəsində miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinin də baş verdiyi müəyyən edilib. Fond tərəfindən aparılan hesablamalar əsasında təsərrüfata ümumilikdə 321 602 manat aqrar sığorta ödənişi təyin edilib.
Qeyd edək ki, bu - indiyədək Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına ödənilən ən böyük sığorta ödənişi olmaqla yanaşı, ümumiyyətlə, doludan keyfiyyət itkisi üzrə ilk ödənişdir.
Xatırladaq ki, fond ümumilikdə 41 növ bitki və bitki məhsullarını sığorta edir.