Prezidentin dövlət dili ilə bağlı çağırışı: onu qorumasaq, milli kimliyimiz sarsılar - ŞƏRH
- 04 noyabr, 2025
 - 15:28
 
                            
                            
                        "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır". Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağında çıxışı zamanı belə söyləyib.
Prezident bildirib ki, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. O, 10 il əvvəl də bu məsələni qaldırdığını vurğulayaraq vəziyyətdən narahat olduğunu vurğulayıb:
"On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər".
Azərbaycan Prezidenti bu məsələ ilə daim məşğul olacağını, lazımı tədbirlər görəcəyini də bildirib.
Bu, dövlət başçısının Azərbaycan dilinin (türkcəsinin) qorunması, inkişafı ilə bağlı etdiyi növbəti çıxışdır, onun dövlət dilinin inkişafı və müdafiəsinə hər zaman diqqət verdiyinin göstəricisidir.
Dövlət başçısı 10 il əvvəl - AMEA-nın 70 illik yubiley tədbirindəki çıxışında bildirmişdi ki, əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan onun mədəniyyəti, incəsənəti, musiqisi, xalçaçılıq sənəti və başqa ənənələri olub:
    
    
"Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da çox narahat edir".
Prezident yeni nəslin ana dilini bilməsini vacib sayaraq demişdi:
"Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur".
Prezident informasiya texnologiyasının sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan türkcəsinin qorunmasının, inkişafının aktuallığına on il öncə də diqqət çəkib.
Dövlət başçısının dilin qorunması ilə bağlı çağırışlarının bağçalar, məktəblər, ali təhsil müəssisələri, informasiya vasitələri, araşdırma mərkəzləri, reklam lövhələri, bir sözlə, Azərbaycanın ictimai-siyasi, iqtisadi-ticarət, mədəni, şou, idman və başqa sahələrində reallaşması vacibdir. Bu istiqamətdə əsas vəzifə həm də ailənin üzərinə düşür. Müxtəlif müəssisələrdə xarici dilin Azərbaycan türkcəsindən üstün tutulması daxildəki iş bazarında dövlət dilinin sıxışdırılmasına xidmət edir. Sahibkarların Azərbaycan türkcəsi ilə müqayisədə xarici dili bilənlərə üstünlük verməsi vəziyyəti mürəkkəbləşdirir.
    
    
Çoxdilli ölkələrdə müxtəlif etnik qruplar öz dillərini bilməklə yanaşı, dövlət dilini də bilməyə borcludur. Çünki bu dil həm də vətəndaşlar arasında ünsiyyət vasitəsidir.
2018-ci il noyabrın 1-də Prezident İlham Əliyev "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman imzalayıb. Bu sənəddə vurğulanıb ki, respublika öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlayıb, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranıb.
Dil millətin torpaq qədər vacib, əsas elementlərindən biridir. Bu, Azərbaycana Türk dünyasına inteqrasiya üçün imkan yaradır. Dövlət dilinin qorunub inkişaf etdirilməsi Türk dövlətləri arasında vahid dilin formalaşmasına, yaxud ana dilində qarşılıqlı anlaşmaya yardım edər.
Dövlət başçısı budəfəki çıxışında milli kimliyin qorunmasına da çağırış edib.
    
    
Prezident bu il avqustun 27-də Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində İran Prezidenti Məsud Pezeşkianla danışığında tərcüməçiyə ehtiyac olmadığını deməklə ana dilini bilməyin önəminə diqqət çəkmişdi:
"Biz onunla çox yaxşı işgüzar münasibətlər qurmuşuq. Bəli, siz tamamilə haqlısınız, o, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur...".
Bu Prezidentin Azərbaycan dilinə, onun daşıyıcılarına olan xüsusi diqqəti də sayıla bilər.
    
    
Prezident İlham Əliyev 2022-ci il aprelin 22-də Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayında da bildirmişdi ki, Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir.
Dövlət başçısı daha öncə Dünya Azərbaycanlılarının İkinci Qurultayında "Mən 50 milyonluq Azərbaycanlının Prezidentiyəm!" demişdi. O, AMEA-nın 80 illik yubileyindəki çıxışında dövlət dili məsələsinə yer ayırmaqla bunu bir daha nümayiş etdirib.
Yaşadığı ölkədən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün azərbaycanlıları bir arada tutacaq əsas amil Azərbaycan dilidir. Onun yabanı, xarici təsirlərdən qorunması hər vətəndaşın borcdur. Dil dövlətin simvolu, təhlükəsizliyi, qoruyucusudur. Dili olanın əlifbası, mədəniyyəti olar. Dövləti mədəni millətin qurduğu ən ali təşkilat sayırlar. Bu üçlük dövlətin qurulmasına təkan verər. Böyüklərimiz də bizə belə vəsiyyət edib: "Dilini, elini, belini qoru!"